“Əgər rəqqas və rəqqasə ciddi adamdırsa, sənətkardırsa, rəqsi sevirsə, toya getməməlidir. Bu dəhşətdir”
“İndi Xoreoqrafiya Akademiyasına qətiyyən getmirəm. Mən onlar üçün təhlükəyəm”
Azərbaycanın Xalq artisti, 94 yaşlı xoreoqraf-baletmeyster Roza Cəlilovanın “Report” müsahibəsini təqdim edirik:
- Roza xanım, həyatınız rəqslə, xoreoqrafiya ilə bağlıdır. Bu sənətə necə gəlmisiniz? Valideynlərinizin bunda rolu olubmu?
- Mən Qubada doğulmuşam. Atam 35 yaşında alim idi. O, partiya işçisi, yüksək vəzifəli şəxs idi. Mircəfər Bağırov həmin vaxtlar işçiləri hər hansısa vəzifəyə göndərəndə cəmi bir il işləməyə qoyurdu. Bilirsiz niyə? Deyirdi “qudurarlar, rüşvət alarlar”. 30-cu ildə atamı Bakıya gətirdi. Filarmoniya ilə üzbəüz elmi işçilər üçün olan binadan professorlara və atama ev verdi. O vaxtlar atam əlimdən tutub balet məktəbinə apardı. Arzusu idi ki, balerina olum. Atamın arzusunu yerinə yetirdim. 1941-ci ildə atamı Kerçə müharibəyə göndərdilər. Bir ildən sonra orada vəfat elədi. Onda düşünürdüm ki, mən mütləq atamın arzusunu yerinə yetirməliyəm, balerina olmalıyam. Balet məktəbini oxudum, əla qiymətlərlə bitirdim, iki il Opera və Balet teatrında işlədim, amma həmin vaxtlarda Azərbaycan milli rəqslərini görürdüm və istəyirdim. İki il balet oynayandan sonra çıxmaq istədiyimi dedim. Dedilər “nə danışırsan? Güclə biz Azərbaycan qızları yığırıq”. Dedim indi icazə verirsiniz, Üzeyir Hacıbəyovun ansamblına gedirəm. O zaman Ü.Hacıbəyovun ansamblı ansambl idi. İndi heç nə qalmayıb. O zaman 80-90 xor ifaçısı vardısa, indi 9-10 nəfər qalıb. Onlar ehtiyat edirdi. Çünki məni oxudub, öyrədiblər. Mən də şərt kəsdim ki, ya icazə verirsiz, ya da çıxıram. Onlar da fikrimin qəti olduğunu görüb, icazə verdilər. Mən 1946-49-cu illərdə baletdə oynadım. 1951-ci ildə artıq Almaniyaya getdim. Almaniyada qızıl medal aldım. Bu rəqsin sayəsində çox yaxşı həyat gördüm, ölkələr gəzdim. Bu gün də milli rəqsi seçməyimə peşman deyiləm. İki il atamın arzusunu yerinə yetirdim, amma mənim də arzum milli rəqs idi.
- Hazırda nə işlə məşğulsunuz? Gününüzü necə keçirirsiniz?
- Mən indi konsultant, münsif kimi bir çox tədbirlərə gedirəm. Gənclərə məsləhətlər verirəm. Bir il bundan qabaq rəqs bayramı keçirildi. “Ölkəmin rəqs çələngi” adlandıran Respublika Uşaq Rəqs Festival-Müsabiqəsi. Onun münsiflər heyətinin sədri idim.
- Bildiyim qədəri ilə Xoreoqrafiya Akademiyasına gedib-gəlirsiz, açıq dərslərdə iştirak edirsiniz, rəqslər qurursunuz. Akademiyadakı vəziyyət sizi qane edirmi?
- Nilüfər Kərimova, Timuçin Əfəndiyev və Əziz Qarayusiflinin vaxtlarında əlbəttə, gedirdim. İstiqamət verirdim, açıq dərslərdə, imtahanlarda iştirak edirdim, daim tədbirlərə dəvət edirdilər. Amma indi qətiyyən getmirəm. Mən onlar üçün təhlükəyəm. Hətta mənim müxbirlərə verilən müsahibələrim indiki “rəhbərliyi” necə narahat edirsə, zəng vururlar redaksiyalara, təzyiq göstərir, hədə-qorxu ilə tələb edirlər ki, yazılarımı silsinlər. Xoreoqrafiya Akademiyasındakı vəziyyət məni qane etmir. Çünki son üç ildə üç dəfə rəhbər dəyişib. Hələ də layiqli rəhbər tapmırlar. İndi bir nəfər Nailə Məmmədzadə adlı bədii rəhbər gətiriblər. Mən onu tanımıram. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevaya da dedim ki, 76 ildir sənətdəyəm, onu tanımıram. Bu necə rəhbərdi, natamam ali təhsilli, hələ də onun əlavə olaraq tədris işləri üzrə prorektor təyin edirlər, baxmayaraq ki elmi dərəcəsi yoxdur. Eyni zamanda da rektor vəzifəsini müvəqqəti icra edir. Necə ola bilər? Qanunsuz. Bilmirəm onu kimi bədii rəhbər göndərib. Bir ara Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin direktoru Əziz müəllim rəhbər gəldi, bəzi nüanslara dözə bilmədi getdi. And içirəm ki o qayıdandan sonra incəsənət məktəbi sevinirdi ki, direktoru geri qayıtdı. Əziz müəllim işlədiyi müddətdə Akademiyadanə qədər işlər gördü. Amma hiyləgər adamlar imkan vermədilər, çünki başa düşdülər ki, ona çata bilməyəcəklər. Bax, Akademiyaya da elə adamlar lazımdı. Nə qədər bizim savadlı incəsənət xadimlərimiz var, əsl sənətkarlar, savadlı, işini bilən adamlar. Akademiyaya Xalq artistlərimiz Kamilla Hüseynova, Samir Səmədov, Gülağası Mirzəyev, Mədinə Əliyeva kimi mədəniyyəti, sənəti sevən, işini bilən, əsl intelligent adamlar lazımdı.
- Nailə Məmmədzadə yayılan bütün iddiaları rədd edir...
- O, təsadüfü adamdır. Onun heç tam ali təhsili belə yoxdur. Bir adam ki “göbək” rəqsi oynasın, ondan necə Xoreoqrafiya Akademiyasına rəhbər olar. Sən demə əvvəllər Muğam Teatrında və bir çox digər məkanlarda axşamlar "göbək" rəqsi edirmiş. Əməkdar artist adını da kimlərinsə sayəsində alıb. O, nə “Qu gölü”ndə, nə “Qız qalası”nda, nə “Jizel”də, nə də “Don Kixotu”da oynayıb. O, ancaq toylarda oynayıb.
Mən mədəniyyət naziri Anar Kərimovla görüşmək istədim. Sağ olsun, o da qəbul etdi. Getdim ona da danışdım. Böyük diqqətlə qulaq asdı, mənim fəaliyyətimlə də maraqlandı, bir çox təzə layihələr baradə danışdıq, maraqlı planlar qurduq. Ölkə başçısına da Akademiyada baş verənlər barədə xəbər çatdırdım, yazdım. Artıq hamının orada baş verən biabırçılıqlardan, intriqa və korrupsiya barədə xəbərləri var. Biz Xoreoqrafiya məktəbinin nüfuzunu qaldırmalıyıq. Orada necə sanballı, adsanlı və savadlı adamlar olub. İndi isə savadlı kadrları işdən qəsdən uzaqlaşdırırlar, qohum-əqrəbə və yaxın insanları yığırlar ora. İstedadlı adamlar qalıb kənarda, heç kimin tanımadığı kimsə gəlib köklü Akademiyaya rəhbərlik edir. 76 ilini rəqsə verən mənim də ürəyim “yanır”.
- Roza xanım, əvvəlki rəqqaslarla indiki rəqqaslar arasında hansı fərqlər var?
- Mənim dövrümdəki rəqqas və rəqqasələr pulu yox, rəqsi, sənəti sevirdi. Amma indikilər pulu sevir. Gedirlər toylarda ucuzlaşdırırlar. O vaxtın rəqslərində lirika çox idi. İndiki rəqslərdə atlanıb-düşmək çoxdur.
- İndi rəqqas və rəqqasələri daha çox toylarda, şənliklərdə görürük. Bu normaldır?
- Əgər ciddi adamdırsa, sənətkardırsa, rəqsi sevirsə, toya getməməlidir. Bu dəhşətdir. Toyun öz kollektivi var. Toy adət-ənənə, şənlik, arzudur. Amma sənətkar rəqqasə pula görə toya getməz. Ancaq səhnədə olar. Toy meydanında yox. İxtiyarı yoxdur. Çünki toylarda içkili adamlar olur, rəqqas isə ciddi sənətlə məşğuldur. Mən heç öz qızımın toyunda oynamamışam. Çox xahiş etdilər, dedim "olmaz".
- Toylarda bəy və gəlinin milli rəqs etməsi artıq dəb halını alıb. Bunun üçün kurslara gedirlər. Milli rəqslərə bu cür münasibət göstərilməsinə necə baxırsınız?
- Əslində, yaxşı əlamətdir. Deməli, gənclərimiz artıq başa düşürlər ki, milli rəqslərimizi ifa etməyi bacarmalıdırlar. Çünki bu bizim mədəniyyətimizdir. Amma digər tərəfdən bəzən mənə zənglər olur. Deyirlər “Roza xanım bizə rəqs öyrədin”. Dedim ayıb olsun sizə. Bizim vaxtlarda toyda gəlin utandığından başını yuxarı qaldırmırdı. İndi çıxıb oynayırlar. Ayıbdır. Gəlinin toy rəqsi zərifliyi və nəcibliyi ifadə etməlidir. Gəlin utanar. İndi "ləzginka" oynamaq istəyirlər. Başa düşürəm, müasir dövrdür. Ancaq gəlinlər gərək "Uzundərə", "İnnabı", "Naz-naz" oynasın. Yoxsa "ləzginka", atlanıb-düşmək olmaz. Belə şeyə normal baxmaq olmaz.
- Roza xanım, yəqin ki, fəaliyyətiniz dövründə sizi gözü götürməyənlər, ayağınızdan çəkənlər olub...
- Paxıllıq edənlər çox olub. Bilirdim ki, mən rəqsimlə camaatın rəğbətini qazanacam. Amma ürəyimdə fikir edirdim. Elə vaxtlar olub ki, məni baykot ediblər. Heç kim mənimlə danışmadı. Onu edən vardı. İstəyirdilər ki, mən oynamayım, sənətdən gedim. Bütün bunlara baxmayaraq rəhbərlik mənim bacarığıma görə arxamda idi. Dözürdüm. Çünki sənətimi sevirdim. Bilirdim ki, axırı yaxşı olacaq. O vaxt və indi mənə qoyulan hörmət mənə ləzzət edir. Xoş günlərim olub. Ona görə 94 ildir yaşayıram.
- Sizin yolunuzu nəvələriniz davam etdirir. Onlardan razısınızmı?
- Bəli, nəvələrim də yolumu davam edirlər. Qız tərəfindən kiçik nəvəm yolumu davam edir, balerinadır. Böyük nəvəm hüquqşünasdır, hüquq sahəsində də fəaliyyət göstərir, amma ikinci təhsili baletmeyster ixtisası üzrə oxuyub. Bu yaxınlarda böyük tamaşanı təhvil verdi. “Mələyin ölümü” adlı tamaşa böyük uğurla Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında səhnəyə qoyuldu. Mən də orda idim. Valeh oldum. Bu günə kimi belə bir tamaşa, quruluşlar görməmişdim, həm rejissorluq baxımından, həm xoreoqrafik, həmdə təşkilatçılıq baxımından. Nəvəm Lenay 40 nəfərdən çox iştirakçını qısa zamanda bir truppa təşkil etdi. Axırıncı günə qədər mənim heç xəbərim də yox idi. Bilirdim ki, gecə-gündüz hazırlaşır, məşqlər keçirir, amma təssəvür edə bilmirdim bu qədər peşəkar, maştablı iş ərsəyə çıxacaq.
Tamaşaçılar da məni heyran etdi. Anşlaq idi. Mən özüm də səhnədə olduğum vaxtlarda həmişə tamaşaçıya fikir verirdim. Alqışlar susmurdu. Mən tamaşaçıların üzünə hərəkətlərinə baxanda bilirəm ki, o bəyənir, yoxsa yox. Bu mənim üçün çox vacibdi. Rəfiqələrimə deyirdim ki, mənə yox, səhnəyə baxın. Görün, tamaşaçı razıdırmı, təbəssümlüdü, ya qaş-qabaqlı? Deyirdilər nə qaş-qabaq, əllərini yerə qoymurlar. Mən bu dərəcədə xırdalıqlara fikir verirdim. Ona görə də haqqımı aldım.
Nəvəmin çıxışındakı tamaşaçı ayrı tamaşaçı idi. Gəzmək, zalı tərk etmək yox idi. Hamı diqqətlə səhnəyə baxırdı. Bildim ki, oradakıların hamısı incəsənəti sevən, incəsənətə hörmət qoyanlar idi. Bir anlıq dedim ki, "kaş cavan olardım, bu səhnədə oynayardım". Elə bu vaxt səhnəyə çağırdılar. Orada onlara keçmişimdən epizodlar danışdım, böyük maraqla qulaq asırdılar, alqışladılar. Orda 1950-ci ildə məni təcili Moskvadan çağırmaqlarını danışdım. O zaman Stalinin dövrü idi, qorxmuşdum. Düşündüm nə etmişəm ki, çağırırlar. Sən demə Moskvadan biraylıq Albaniyaya göndərirlər. O boyda festivalda 850 “Bolşoy Teatr"dan məni çağırdılar. Oradan getdim Aralıq, Qara, Mərmər, Egey, Adriatik və s dənizləri gəzdim. Dedim ay Allah nə bəxtəvərəm, 21 yaşımda bu nələrdi görürəm mən. Qızıl medal da sinəmdə.
- Azərbaycan rəqsinin dünyada təmsilçiliyi nə yerdədir? Rəqslərimiz xaricdə hansı reaksiyaları görür?
- Xaricdə bizim musiqilərimizi yazırlar. Yadigar götürürlər. Mənim vaxtımda xarici səfərlərimdə insanlar xahiş edirdi ki, etdiyim rəqslərdən bir iki element göstərim. Göstərirdim. O dərəcədə ki, yorulurdum. İndi heç bilmirəm konsertlər olur, yoxsa yox. Toya qaçırlar. Elə müəllimlər var ki, uşaqları yığıb aparırdı toyda oynamağa. Elə Xoreoqrafiya Akademiyasında da uşaqlar axşama kimi toy üçün məşqlərdədir. Artıq müəllimlər də deyinir ki, qanuni dərslərə tələbələr gəlmirlər, onları naməlum tədbirlər, toylar üçün məşqlərə çağırırlar. Ayıb olsun. Azərbaycan rəqsi ancaq səhnə, teatr üçün yaranıb. Düzdür, qazanmaq lazımdı, pula ehtiyacları olan ailəli rəqqaslarımız var. Onlara çətindir. Maaşları o qədərdə yüksək deyil, bu da çox kövrəldici nüansıdır. Bunu də fikirləşməlidirlər, rəqqaslar sənətə sağlamlığını qurban edirlər. Çoxları əlavə olaraq müəllim kimi fəaliyyət göstərir. Bəs nə etsinlər? Amma layiqincə etsinlər. Artıq görə-görə gəlmişəm. Bilirəm nə nədir, kimdir, necədir.
Mən festivallara gedəndə orda erməni də olub. Bir də görürdüm "Qarabağ şikəstəsi" çalırlar. Mən də özümüzünkünü çaldırırdım. Görürdülər ki, əsl şikəstə kimindi. Onlara dedim “sən heç Qarabağ bilirsən ki, şikəstə çalırsan?” Camaat hamısı bizim ifaya qulaq asırdı. Belə günlərimiz olub. O vaxt da sözümü deməkdən qorxmamışam. İndi bəzilərində ancaq yaltaqlıq var.
- Gənclərə nə məsləhət görərdiniz?
- Gənclərə məsləhətim odur ki, həmişə başlarını uca tutsunlar. Seçdikləri sənətin qədrini bilsinlər. Sənəti sevib, hörmət etməliyik. Ən əsası da odur ki, fikirlərimiz təmiz, layiqlı şəxsiyyət və vətəndaş olmalıyıq. Eyni zamanda, azərbaycanlı olmaları ilə fəxr etsinlər. Prezident İlham Əliyev bizə, incəsənət adamlara dəyər verir, daim diqqət yetirir, bu, çox sevindirici haldır. Mən ona təşəkkür edirəm. Mənim kimi sənətkarları düşünür. Nəinki incəsənət sahəsində, hər bir sahəyə əl gəzdirir. Düşünürdük ki, yaşımız ötür görəsən Qarabağı yenə görəcəyikmi? Şükür ki, bu günlərdə bizə nəsib oldu. Torpaqlarımız qayıtdı, yenə bizimdir. Hər bir yeni günümüzə şükür etməliyik!
Foto: Vüqar Xanlarov