Yuxarı

​Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər zirvəsi”nə yürüşlər təşkil olunub - FOTO-VİDEO

Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığından start götürüb

Bakı. 9 may. REPORT.AZ/Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar “Heydər zirvəsi”nə kütləvi yürüşlər təşkil olunub. "Report" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə ayrı-ayrı mütəşəkkil qruplarla “Heydər zirvəsi”nə doğru yürüşə başlayıb.

Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığından start götürüb. Böyük Qafqaz Dağlarının Qızıl Qaya massivində yerləşən Heydər Əliyev zirvəsi 3751 metr yüksəklikdə yerləşir. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Hava və Ekstremal İdman Növləri Federasiyası rəhbərlik edir. 

Yürüşdə respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan çoxlu sayda ziyarətçilər iştirak edir. Qeyd edək ki, son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artıb və bu kütləvi yürüş ənənəsi “Heydər zirvəsi”ni xalqın ziyarətgahına çevirib. 

Onu da əlavə edək ki, “Heydər zirvəsi”nə təşkil olunmuş və müəyyən edilmiş qrafik üzrə mütəmadi qaydada may ayının 10-dək davam edəcək kütləvi yürüşün iştirakçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi