Yevlax. 13 yanvar. REPORT.AZ/ Yevlax rayonunun 20 yaşlı sakini qartal və kərkəs tutub.
"Report" xəbər verir ki, hadisə Köyük kəndində baş verib.
Kənd sakini Mirağa Sabirli yırtıcı quşları səhər saatlarında taxıl sahəsində görüb. O, gərhal əraziyə yaxınlaşaraq heyvanların yaralı olduğunu, bu səbəbdən də uça bilmədiklərini müəyyənləşdirib. Gənc çətinliklə də olsa, quşları tutmağa müvəffəq olub.
M.Sabirli heyvanları yaxınlarının köməyi ilə yaşadığı kəndə gətirərək baytar çağırıb. Çöl quşlarının yaraları müayinə edilərək dərmanlanıb.
Kənd sakini Qafqaz qartalını və kərkəsi ətlə qidlandırır. Soyuğa dözümlü olan canlılar bağlı halda həyətdə saxlanır.
M.Sabirli deyir ki, bir aydan çoxdur bəslənən yırtıcı quşlara Köyük kəndində maraq böyükdür. Lakin o, quşları tam sağaldaraq yenidən təbiət qoynuna buraxmaq niyyətindədir.





