Krakovda mistik havanın hökm sürdüyü kilsələrdən REPORTAJ

Krakovda mistik havanın hökm sürdüyü kilsələrdən REPORTAJ Krakovda olarkən buranın əzəmətli kilsələrini və Qədim Şəhərin (Old Town) əsas meydanı sayılan Bazar Meydanını (Rynek Glowny) mütləq ziyarət etmək lazımdır. XIII əsrdə salınmış ərazi Avropanın ən böyük orta əsr şəhər meydanıdır. Rəngarəng evlər, kafe və r
Maraqlı
9 May , 2023 13:37
Krakovda mistik havanın hökm sürdüyü kilsələrdən REPORTAJ

Krakovda olarkən buranın əzəmətli kilsələrini və Qədim Şəhərin (Old Town) əsas meydanı sayılan Bazar Meydanını (Rynek Glowny) mütləq ziyarət etmək lazımdır. XIII əsrdə salınmış ərazi Avropanın ən böyük orta əsr şəhər meydanıdır. Rəngarəng evlər, kafe və restoranlarla əhatələnmiş meydan bu gün Parça Bazarı (Cloth Hall), Müqəddəs Məryəm Bazilikası, “Town Hall” Qülləsi kimi şəhərin simvolu olan tarixi tikililərə ev sahibliyi edir.

Düz mərkəzdə yerləşən Parça Bazarı xarakteristik arkadaları, bəzəkli naxışları ilə intibah dövrü memarlığının möhtəşəm nümunələrindəndir və Avropanın ən qədim alış-veriş mərkəzlərindən biridir. Bu yer XV əsrdə Şərqdən ədviyyat, ipək, dəri və mum kimi müxtəlif məhsulların idxal mənbəyi olub. Tarixi bina statusunu qorumaqla bərabər hələ də fəaliyyət göstərir. Hazırda burada müxtəlif növ məhsullar satılsa da, suvenirlər, turistik əşyalar üstünlük təşkil edir, ancaq məşhur məkan olduğu üçün həmin məhsulların qiyməti digər yerlərə nisbətən bir az yüksəkdir. Ümumilikdə isə Krakov səfər etdiyimiz Avropa şəhərləri ilə müqayisədə olduqca ucuzdur. Hətta ən ucuz Avropa şəhərlərindən biri ola bilər.

Parça Bazarının qarşısında Polşa romantizminin əsas siması, polyakların böyük şairi Adam Mitskeviçin abidəsi ucaldılıb. 1898-ci ildə Mitskeviçin 100-cü ildönümü münasibətilə oğlu və qızının iştirakı ilə qoyulmuş abidə 1940-cı ildə İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən dağıdılsa da, 1955-ci ildə bərpa edilərək yenidən meydana yerləşdirilib. Abidəyə baxanda o vaxtlar sözün dəyərli, söz sahibinin isə vüqarlı olduğunu hiss edirsiniz.

Onun yaxınlığında isə Bazar Meydanına tarixi film səhnəsi görüntüsü qazandıran “Town Hall” Qülləsi yerləşir. Qüllə 1820-ci ildə dağıdılmış köhnə Krakov Bələdiyyə Binasından geridə qalan yeganə parçadır. Zirzəmisi vaxtilə orta əsrlərə aid işgəncə kamerasına sahib şəhər həbsxanası statusunda olub. XIV əsrə aid qüllədə müxtəlif dövrlərdə təmir prosesi həyata keçirilib və ona bəzi əlavələr edilib. Hazırda hündürlüyü 70 metrdir. Qırmızı kərpicdən hörülmüş qüllə turistlərin ən çox ziyarət etdiyi məkanlar arasındadır. Ziyarətçilər onun zirvəsinə qalxaraq şəhərin panoramik mənzərəsindən həzz ala bilərlər. Girişini bir çox qəsrlərdə, saraylarda olduğu kimi iki şir qoruyur. Hazırda Qüllə Krakov Şəhər Tarix Muzeyinin filiallarından biri kimi xidmət göstərir.

Adam Mitskeviç heykəlinin üzbəüzündə isə Müqəddəs Məryəm bazilikası dayanır. Təkcə vitrajlarını hazırlamaq üçün 12 il vaxt sərf edilən kilsə də kərpicdən hörülüb, hündürlüyü 81 metrdir. Əsası Krakov yepiskopu İvo Odrovez tərəfindən 1221-1222-ci illərdə qoyulmuş bina monqolların Polşaya hücumu zamanı dağıdılıb. 1290-1300-cü illər arasında təməllər üzərində yeni kilsə inşa edilib. Rəngarəng interyeri ilə tanınan bazilika qotik memarlığı nümunəsidir. Bir neçə dəfə təmir edilmiş kilsənin əsas xüsusiyyəti biri digərindən hündür olan iki asimmetrik qülləyə sahib olmasıdır. Həmin qüllələrdən birində hər saat qısa olaraq truba çalınır. Bunu isə kökü XIII əsrə söykənir. Belə rəvayət edirlər ki, monqol istilası zamanı həyəcan təbili çalarkən trubaçı boğazından güllə yarası alaraq ölüb və hazırda qısa müddətlik çalınan truba uzun illərdir ki, onun xatirəsini yaşadır. Kilsənin mehrabı da qüllələri qədər cazibardır. Burada İsa və Məryəmin həyatından səhnələri əks etdirən mürəkkəb oymalara yer verilib.

Müqəddəs Məryəm bazilikası ziyarətçilər üçün açıqdır, gündəlik ayinlər keçirilir. Allahın bu evinə daxil olanda bir şeydən əmin olursunuz ki, polyaklar olduqca dindardırlar. Burada kilsəyə gedənlərin sayı Roma istisna olmaqla digər bütün yerlərdəkindən daha çox ola bilər. İnsanlar saata, günə baxmadan bir ucdan kilsəyə axın edirlər. İbadət evində dua edərək şam yandırmaq da ödənişlidir.

Bu detalı çıxsaq, məkanda ümumi mənzərə gözəl idi. Səssizliyi daxilindəki səsləri eşitməyə kömək edirdi. Burda mühakimə etməyə, danışmağa macal tapmırsınız, daxilinizdəki narahatlıqlar, suallar elə baş qaldırıb Allaha tərəf qaçır ki, bir nöqtədə dayanıb qaranlıqlarınıza işıq axtarırsınız. Yaşından, cinsindən, statusundan, geyindiyi paltardan asılı olmayaraq hər kəsin üzünə açıq olan qapıların varlığını bilmək qəribə güc verir insana. Krakovda belə qapıların sayı kifayət qədər çoxdur, elə bil kilsələr şəhəridir.

Digər füsunkar qapıların sahibi Qrodzka küçəsində yerləşən Müqəddəs Pyotr və Pavel kilsəsidir. XVI əsrin sonlarında barokko üslubunda, fasadı dolomitlə tikilmiş kilsə Polşada tamamilə barokko üslubunda dizayn edilmiş ilk tikilidir. Oturma tutumuna görə Krakovdakı tarixi kilsələrin ən böyüyüdür. Mehrabında Müqəddəs Peter və Pavelin şəhidliyini təsvir edilib. Həyətinə giriş hissədə hansısa müqəddəs şəxslərə aid heykəllər ucaldılıb. Krakovun dini və mədəni həyatında mühüm rol oynamış kilsə çoxsaylı konsertlərə və digər mədəniyyət tədbirlərinə ev sahibliyi edib. 1960-cı ildə Kiçik Bazilika statusunu qazanıb. Döşəməsinin altındakı zirzəmidə keşiş Piotr Skarqa dəfn olunub. Bu gün kilsə Polşanın Milli Panteonlarından birinə ev sahibliyi edir. Panteonun tikintisi üzrə işlərə 2010-cu ilin oktyabrında başlanılıb və kompleksin birinci hissəsinin rəsmi açılışı Piotr Skarqanın ölümünün 400-cü ildönümündə - 2012-ci ildə baş tutub. Kilsə Müqəddəs Məryəm bazilikası ilə müqayisədə əzəmətdən daha çox zərif toxunuşlu gözəlliyə sahibdir. Krakovdakı bir çox kilsəni görmə imkanım olsa da, bu iki ibadət evi könlümü xüsusilə oxşadı. Yolu düşənlər baş çəkə bilər

Son xəbərlər

Orphus sistemi