Bakı. 8 yanvar. REPORT.AZ/ Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvarseneqer özünün iştirak etdiyi teleşounun aşağı reytinqli olması ilə bağlı Hollivud ulduzunu tənqid etmiş ABŞ prezidenti Donald Trampa cavab verib.
"Report" xəbər verir ki, aktyor özünün"Twtter" səhifəsində prezidentə videomüraciətini yerləşdirib.
Şvarseneqer ilk öncə ABŞ-ın keçmiş prezidenti Abram Linkolnun inaqurasiya nitqindən sitat gətirib: "Biz düşmən deyilik, dostuq. Biz düşmən olmamalıyıq. Hərçənd bizim dostluğumuzun zəncirləri həmişə möhkəm deyil, onlar qırılmamalıdır".
Aktyor xatırladıb ki, prezident seçkiləri çoxdan bitib. "Biz qonşuyuq, biz dostuq və ən əhəmiyyətlisi - biz amerikalıyıq" – deyə o bildirib. O, Trampı seçkiöncəsi əsas şüarı olmuş "Amerikanı yenidən böyük etməli" şüarının həyata keçirilməsi üzərində işləməyə çağıraraq bildirib ki, siyasətçinin ABŞ-da əmin-amanlığın olması üzərində səylə işləyəcəyinə ümid edir.