Yuxarı

​"Ziraat Bank Azərbaycan" yaxın vaxtlarda işə başlayacaq

Bank vakant iş yerlərinə işçi yığır

Bakı. 10 aprel. REPORT.AZ/ "Ziraat Bank Azərbaycan" ASC-nin artıq yaxın vaxtlarda Azərbaycanda real fəaliyyətə başlayacağı gözlənilir.

"Report"un məlumatına görə, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 30 dekabr 2014-cü il tarixli qərarı ilə bank lisenziyası alan "Ziraat Bank Azərbaycan" artıq işçi heyətinin formalaşmasına başlayıb. Bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən bir sıra kommersiya banklarının aparıcı əməkdaşlarına vakant iş yerləri ilə bağlı fərdi qaydada dəvət göndərilib.

Qeyd edək ki, aprelin 2-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Ziraat Bank Azərbaycan" ASC-nin nominal dəyəri 1 000 manat olan 50 000 ədəd adi sənədsiz adlı səhmlərinin ilkin buraxılışı dövlət qeydiyyatına alınıb. Qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən bu səhm emissiyası hesabına Bankın start nizmnamə kapitalı 50 mln. manat müəyyənləşdirilib.

Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" ASC Türkiyənin "T.C. Ziraat Bankı"nın Azərbaycanda törəmə qurumudur. "T.C Ziraat Bankı" aktivlərinə görə Türkiyənin iri bank təşkilatıdır. Kapitalı 100% Dövlət Xəzinədarlığına aid olan Bankın aktivləri 2015-ci il yanvarın 1-nə 247,6 mlrd. Türk Lirəsi (TL) olub. Bu isə hazırkı məzənnə ilə (2,62 TRY/USD) təxminən 94,5 mlrd. dollar təşkil edir. Bankın ümumilikdə 23 617 işçisi, 1 682 filialı və şöbəsi, 6 043 ATM-i mövcüddur. Ötən ili 4,05 mlrd. lirə (1,5 mlrd.dollar) mənfəətlə başa vuran "T.C. Ziraat Bank"ının Türkiyə bank sektorunda payı 12%-dir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi