Yunanıstan kreditorlarla razılığa gəlməyib, ölkəni defolt gözləyir

Yunanıstan kreditorlarla razılığa gəlməyib, ölkəni defolt gözləyir "Avropa Qrupunun üzvləri Yunanıstan qarşısında qəbuledilməz şərtlər qoyublar"
Maliyyə
28 İyun , 2015 14:50
Yunanıstan kreditorlarla razılığa gəlməyib, ölkəni defolt gözləyir

Bakı. 28 iyun. REPORT.AZ/ Brüsseldə toplanan Avropa İttifaqı maliyyə nazirləri Afinaya maliyyə yardımı göstərməkdən imtina ediblər. 

"Report" xəbər verir ki, tərəflər növbəti dəfə Yunanıstan və onun kreditorları arasında razılaşma əldə etmək istəsələr də, bu, mümkün olmayıb. Beləliklə, Yunanıstanın kreditləşmə proqramı 30 iyun tarixində başa çatır və yeni bir yardım proqramı yoxdur. Əgər 30 iyun tarixində Yunanıstan Beynəlxalq Valyuta Fonduna 1,538 mlrd. avro məbləğində borcunu ödəməsə, ölkəni defolt və avrozonadan çıxış gözləyir.

Dünən Yunanıstanın baş naziri Aleksis Tsipras kreditorların maliyyə yardımı şərtlərini ümumxalq referendumuna çıxarmaq qərarı verib. Referendumun keçirilməsi 5 iyul tarixinə nəzərdə tutulub. Tsiprasın sözlərinə görə, Avropa Qrupunun üzvləri Yunanıstan qarşısında qəbuledilməz, ümumavropa dəyərlərinə uyğun olmayan şərtlər qoyublar.

BVF rəhbəri Kristin Laqard isə öz növbəsində bildirib ki, yunan hökumətinin qərar qəbul etmək üçün qarşısında hələ iki gün var. O, BBC kanalına müsahibəsində yunan xalqının artıq heç bir əhəmiyyəti olmayan şərtlər üçün səs verməsini absurd adlandırıb. Laqard Yunanıstanın bu iki gündə kreditorların şərtlərini qəbul etmək şansları olduğunu vurğulayıb.

Qeyd edək ki, Yunanıstanla bağlı xəbərlər keçən həftə avronun dollara qarşı məzənnəsinin beynəlxalq valyuta bazarlarında azalmasına gətirib çıxarıb. Belə ki, son həftə ərzində avro dollarla müqayisədə 1,7% zəifləyərək 1,1361 səviyyəsindən 1, 1164 səviyyəsinə geriləyib. Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi AZN/avro məzənnəsi də beynəlxalq bazarlara uyğun olaraq 1,1911-dən 1,1755-ə geriləyib. Önümüzdəki həftə bu tendensiyanın davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi