"Yeni şərait"də mərkəzi bankların Cekson Hol sammitindən gözləntilər - TƏHLİL

"Yeni şərait"də mərkəzi bankların Cekson Hol sammitindən gözləntilər - TƏHLİL Sammitdə alternativ maliyyə alətlərinin axtarışı məsələsi də müzakirə olunacaq
Maliyyə
26 Avqust , 2016 14:48
Yeni şəraitdə mərkəzi bankların Cekson Hol sammitindən gözləntilər - TƏHLİL

Bakı. 26 avqust. REPORT.AZ/ Bu gün, avqustun 26-da ABŞ-ın Vayominq ştatının Cekson Hol (Jackson Hole) dağ kurort şəhərciyində başlayan, dünyanın ən iri mərkəzi bankların (MB) rəhbərləri və məşhur iqtisadçı və analitiklərin iştirakı ilə 3 günlük konfrans işə başlayıb. "Report"un "RBK" agentliyinə istinadən verdiyi xəbərə görə, konfransda Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması tarixi ilə bərabər daha böyük qlobal problem sayılan cari maliyyə alətlərinin tükənməsi və yenilərinin axtarışı məsələləri müzakirə olunacaq. MB-lərin "Davos konfransı" adlanan tədbirdə bir çox ölkədə mövcud olan neqativ və ya 0-a yaxın faizlərin tətbiqinin qeyri-effektivliyi və bu durumdan alternativ çıxış yollarının axtarışının diskussiyası gözlənilir. "The Wall Street Journal"a görə, MB-lər ənənəvi maliyyə alətləri ilə iqtisadi artım və inflyasiyaya nail ola bilmirsə, növbəti iqtisadi böhranlar şəraitində onların manevr sahəsi daralacaq.

Qeyd edək ki, 2016-cı ildə FES-in daha 3 iclası - sentyabr, noyabr və dekabrda baş tutacaq. Keçən həftə Atlanta FES-inin rəhbəri Denis Lokxart (Dennis Lockhart) bildirib ki, ilin sonuna qədər FES iki iclasda faiz artıra bilər ki, bunun biri sentyabrda baş verə bilər. Lakin maliyyə bazarları bu fikri ciddi qəbul etmir. Belə ki, investorlar sentyabr iclasında faizlərin artırılması ehtimalını 30%, noyabrda - 36%, dekabrda - 55% səviyyəsində qiymətləndiriblər.

"Reuters" agentliyinə müsahibəsində "Barclays" bankın iqtisadçısı Maykl Qeypin (Michael Gapen) bildirib ki, FES rəhbəri Cannet Yellen ölkədə işsizlik göstəricisinin azalma tendensiyasının davam etməsi fonunda faizlərin artırılması siqnalı verə bilər. Əgər Yellen FES-in gələcək addımları barədə dəqiq məlumat açıqlamasa, "BNP Paribas"a görə dollar sürətlə zəifləyə bilər. "İNG Bank"ın Rusiya və MDB üzrə baş iqtisadçısı Dmitri Polevoya görə isə C.Yellen ilin sonuna qədər faizləri artıracağı barədə ciddi siqnal verərsə, dolların möhkəmlənməsi, qlobal fond birjalarının korreksiyası (hazırda fond indeksləri tarixi rekord hədlərinə yaxın səviyyədədir), neft qiymətlərində isə azalma olacaq.

Konfransda iqtisadiyyatların sabit artım göstərdiyi, inflyasiyanın hədəflərə uyğun olduğu optimal uçot dərəcəsinin effektivliyi barədə də müzakirələr aparılacaq. ABŞ-da effektiv uçot dərəcəsi qlobal maliyyə böhranına qədər 4,5% sayılırdısa, hazırda bu göstərici 3% təşkil edir. Bu barədə "Wall Street Journal" San-Fransisko FES-inin araşdırmasına istinadən xəbər yayıb. Effektiv faiz dərəcəsi hədəfinin azaldılmasına səbəb kimi Bank, aşağı əmək məhsuldarlığı, əhalinin yaşlanması problemi, gəlir bölgüsünün bərabərsizliyi, zəngin təbəqənin yığım səviyyəsinin artması və investorların riskdən uzaq durmaq istəməsini göstərilib. Vəziyyətdən çıxış yolu kimi isə ABŞ-ın keçmiş maliyyə naziri Larri Sammers (Larry Summers) dövlət xərclərinin artırılmasını göstərib. Bu fikrə C.Yellendən başqa daha 3 FES üzvü dəstək verib.

"Report"un analitik qrupu hesab edir ki, hazırkı qlobal iqtisadi şəraitdə FES-in faizləri artırması dünya maliyyə sisteminə ciddi mənfi təsir göstərməyəcək. Çünki, artıq bir çox ölkənin iqtisadiyyatı yavaşlayıb və ABŞ-ın uçot dərəcəsinin artırılması barədə qərarına daha sakit reaksiya verəcək. ABŞ dollarının son günlərdə avro ilə müqayisədə 1,10 USD/EUR-dan 1,13 USD/EUR-a kimi zəifləməsi, bu gün FES-in faiz artırması qərarı açıqlandığı halda məzənnənin ən pis halda yenidən 1,10 USD/EUR-a dönəcəyini deməyə əsas verir ki, bu da maliyyə bazarlarına ciddi təsir etməyəcək.

Son xəbərlər

Orphus sistemi