Qlobal bazarlarda neftə tələbat azaldıqca körfəzdəki ərəb monarxiyaları 2034-cü ilə qədər 2 trilyon ABŞ dolları dəyərində sərvətlərini itirə bilərlər.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (İMF) hesabatında bildirilib.
Hesabata görə, davamlı iqtisadi islahatlar aparılmasa, 15 il ərzində Yaxın Şərqin zəngin neft ölkələrinin xalis maliyyə aktivləri tükənə və xalis borclu dövlətə çevrilə bilərlər.
İMF-nin ekspertlərinin proqnozlarına görə, iqtisadi islahatlar aparılmasa, Yaxın Şərq və Orta Asiyanın neftlə zəngin ölkələri 2044-cü ilə qədər qeyri-neft aktivlərini də itirə bilərlər.
“Region ölkələri uzunmüddətli və düzgün strategiya seçməlidir, çünki neft bazarında həm tələb, həm də təklifin strukturu dəyişir”, - İMF-nin Yaxın Şərq və Orta Asiya departamentinin direktoru Cihad Azur bildirib.