Bakı. 1 iyun. REPORT.AZ/ "YapıKredi Bank Azərbaycan" QSC cari ilin birinci rübünü zərərlə başa vurub. Birinci rübü bank vergi ödənilənədək 290,6 min manat, vergi ödənildikdən sonra isə 430,2 min manat zərərlə yekunlaşdırıb.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, birinci rübdə Bankın faiz gəlirləri 9,5 mln. manat, faiz xərcləri 3,2 mln. manat təşkil edib. Beləliklə, faiz gəlirlərində ötən ilin eyni dövrü ilə müqayisədə 18,95%, faiz xərclərində isə 49,9% artım müşahidə olunub.
Hesabat dövründə qeyri-faiz gəlirləri 67,2% artaraq 4,6 mln. manat, qeyri-faiz xərcləri 28,8% artaraq 8,2 mln. manata çatıb.
Birinci rübdə Bankın xalis faiz mənfəəti 7,9% artraq 6,3 mln. manat, xalis qeyri-faiz zərəri 0,8% azalaraq 3,6 mln. manat təşkil edib.
Beləliklə, "YapıKredi Bank Azərbaycan"ın xalis əməliyyat mənfəəti 2,8 mln. manat təşkil etsə də, aktivlər üzrə yaradılmış ehtiyat xərcləri 3,1 mln. manat olduğundan Bank rübü zərərlə başa vurub.
Qeyd edək ki, ötən ilin birinci rübündə Bankın vergilər ödənildikdən sonra mənfəəti 3,3 mln. təşkil edib.