"YapıKredi Bank Azerbaijan"ın aktivləri artıb - YENİLƏNİB

"YapıKredi Bank Azerbaijan"ın aktivləri artıb - YENİLƏNİB Əhalinin əmanətlərinin həcmi 73% artıb
Maliyyə
29 İyul , 2016 13:35
YapıKredi Bank Azerbaijanın aktivləri artıb - YENİLƏNİB

Bakı. 29 iyul. REPORT.AZ/ "YapıKredi Bank Azerbaijan" QSC ötən bir il ərzində aktivlərini 7,8% artıraraq 2016-cı il iyulun 1-nə 391,7 mln. manata yüksəldib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu ilin ilk yarısında Bankın ümumi gəlirləri 12% artaraq 28,9 mln. manata çatıb, o cümlədən qeyri-faiz gəlirləri illik müqayisədə 69% artaraq 11,7 mln. manat olub. Nəticədə, Bankın yarımillik xalis əməliyyat mənfəəti 7,7 mln. manata çatıb ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 85%-lik artım deməkdir. 

Bankın İdarə Heyətinin sədri Cenk Yüksel bildirib ki, bu ilin ilk altı ayında pərakəndə əmanətlərin sayı 72%, o cümlədən əhalinin əmanətlərinin həcmi 73% artıb. Cari ilin iyulun 1-nə Bankda əhalinin əmanətlərinin həcmi 53,890 mln. manat təşkil edib.

***

Bankın kredit portfeli 7,5% azalaraq 230,145 mln. manat təşkil edib. İstehlak kreditləşməsi 70,834 mln. manat olub. İstehlak kreditlərinin 64,928 mln. manatı manatla, 5,906 mln. manatı xarici valyutada verilib.

Cari il iyulun 1-nə kreditlərin 47,066 mln. manatının və ya 20,5%-nin ödəniş vaxtı keçib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə vaxtı keçmiş kreditlərin həcmi 27,622 mln. manat təşkil edib ki, bu da cəmi kredit portfelinin 11,1%-ni əhatə edib.

Hesabat dövründə depozit portfeli 30,1% artaraq cari il iyulun 1-nə 202,670 mln. manata yüksəlib. Depozitlərin 59,810 mln. manatı manatla, 142,860 mln. manatı xarici valyutada yerləşdirilib. Bankın xarici öhdəlikləri 0,96% artaraq iyulun 1-nə 84,667 mln. manata çatıb.

Cari il iyulun 1-nə əsasən, Bankın nizamnamə kapitalı 46,811 mln. manat, məcmu kapitalı 57,240 mln. manat təşkil edib.

Birinci yarımildə bankın gəlirləri 30,725 mln. manat, xərcləri 31,968 mln. manat olub və Bank birinci yarımili 1,244 mln. manat zərərlə başa vurub. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə zərərin həcmi 28% azalıb.

Son xəbərlər

Orphus sistemi