Maliyyə naziri: “Xərclər siyasətimiz daha sərt olacaq”

Maliyyə naziri: “Xərclər siyasətimiz daha sərt olacaq” Samir Şərifov: “2017-ci ildə də əmək haqlarının artımı ilə bağlı büdcədə maliyyə təminatını yaratmalıyıq”
Maliyyə
26 Sentyabr , 2016 13:17
Maliyyə naziri: “Xərclər siyasətimiz daha sərt olacaq”

Bakı. 26 sentyabr. REPORT.AZ/ “Xərclər siyasətimiz daha sərt olacaq. Hazırda daha səmərəli xərclərə üstünlük verilir. Xərclərin optimallaşdırılması, ixtisarı istiqamətində də mühüm tədbirlər görüləcək”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. 

2017-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, bütün dövlət vəzifələrinin yerinə yetirilməsi üçün vəsait nəzərdə tutulub: "Lakin nəzərə alsaq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, çalışmalıyıq ki, xərclərimizi gəlirlərimizlə uzlaşdıraq. Xərclərimiz gəlirlərlə ayaqlaşmalıdır. Xərclər siyasətimiz daha sərt olacaq. Bununla əlaqədar gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfert cari illə müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. 1,5 mlrd. manat həcmində azalmadan söhbət gedir. Həm gömrük daxilolmaları, həm də bir qədər vergi daxilolmaları artacaq".

S.Şərifov bildirib ki, xarici öhdəliklər tam şəkildə həyata keçiriləcək: "Bu, həm xarici borca, həm də beynəlxalq öhdəliklərə aiddir. Xərclər tam təmin olunacaq".

O bildirib ki, gələn il sosial xərclər büdcənin böyük bir hissəsini təşkil edəcək, daha xüsusi çəkiyə malik olacaq. Nazirin sözlərinə görə, bunun həyata keçirilməsi üçün maliyyə təminatı yaradılır. O qeyd edib ki, söhbət həm ünvanlı sosial yardım, həm məcburi köçkünlərə verilən müavinətlər və həm də digər sosial ödənişlərdən gedir: "Dünyada gedən prosesləri nəzərə almalıyıq. Dünyada isə qeyri-müəyyənlik davam edir. Qlobal iqtisadiyyatda qeyri-bərabər trendlər mövcuddur. Bunları nəzərə alaraq çalışmalıyıq ki, iqtisadiyyatımıza xaricdən təsir edən mənfi amilləri mümkün qədər neytrallaşdıraq. Bu istiqamətdə bir çox işlər görülüb. Cari il büdcə sektorunda çalışanların əmək haqqı artırılıb. Şübhəsiz ki, 2017-ci ildə də əmək haqlarının artımı ilə bağlı büdcədə maliyyə təminatını yaratmalıyıq. Bu işlər büdcədə öz əksini tapıb".

Nazir vurğulayıb ki, eyni zamanda 2016-cı ildə bütün sosial müavinətlərin, təqaüdlərin sosial ödənişlərin artımı baş verib: "Həmin artımların maliyyə təminatının yaradılması 2017-ci ildə də nəzərdə tutulub. Bu il artırılan əmək haqlarını şübhəsiz ki, gələn ildə də həmin səviyyədə saxlamaq üçün maliyyə təminatını yaratmalıyıq. Cari ildə bir sıra struktur islahatları üzrtə tədbirlər görülüb. Gələn ilin dövlət büdcəsində bunların maliyyə təminatı nəzərdə tutulub".

Qeyd edək ki, Nazirlər Kabinetinin sentyabrın 22-də keçirilən iclasında 2017-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə edilib. Büdcə sistemi haqqında qanuna uyğun olaraq Prezidentə təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi