Yuxarı
    Bağlamaq

    ​Xarici dövlətlər aktivlərini tədricən ABŞ istiqrazlarına yönəldəcək

    Federal Ehtiyat Sisteminin artıq iyunda uçot dərəcəsini artıracağı gözlənilir

    Bakı. 18 aprel. REPORT.AZ/ ABŞ-da bu ilin mart ayında artım nümayiş edən inflyasiya Federal Ehtiyat Sisteminin (FES) artıq iyun ayında uçot dərəcəsini artıracağı ilə bağlı ehtimalları yüksəldib.

    "Report" xəbər verir ki, ötən ay ABŞ-da baza inflyasiya bir qədər sürətlənərək illik 1,8% təşkil edib. Fevralda isə bu göstərici 1,7% olub. Açıqlanan inflyasiya göstəricisi monetar siyasətin sərtləşdirilməsini istəyən investorların fikirlərini dəstəkləyib. ABŞ-ın Əmək Nazirliyi tərəfindən verilən məlumata əsasən, martda enerji daşıyıcıları istisna olmaqla, istehlak qiymətləri 0,2% artım göstərib. Bir ilə yaxındır azalan işsizlik rəqəmləri ABŞ-da uçot dərəcəsinin artırılması üçün diqqətləri inflyasiyanın parametrlərinə çevirib.

    Nəticədə, dünən ABŞ başda olmaqla bir çox qərb fond birjasında indekslər günü enişlə tamamlayıb. Nəzərə almaq lazımdır ki, uçot dərəcəsinin artırılmağa başlanılması ilə fond birjalarından vəsait axını qaçınılmazdır. Dünyada dövr edən sərbəst maliyyə vəsaitlərinin onsuz da ABŞ dövlət qiymətli kağızlarına yatırıldığı məlumdur. Faizlər artdıqca isə bu tendensiya daha da sürətlənəcək. Nəticə etibarı ilə inkişaf etməkdə olan ölkələr də dünyada yaranacaq likvidlik problemi səbəbindən maliyyə problemləri ilə üzləşəcək, borc faizləri artacaq.

    "Report"un analitik qrupu qeyd edir ki, hazırda ABŞ-da uçot dərəcəsi tarixi minimum - 0,25% səviyyəsindədir. Faizlərin aşağı olması səbəbindən investisiya fondları vəsaitlərinin bir hissəsini inkişaf etməkdə olan ölkələrdə riskli aktivlərə yatırır. FES-in faizləri artırılması prosesinə başlamasıyla bu tendensiya tərsinə dönəcək və bu prosesi artıq başlamış saymaq olar.

    "Türkiyə, Braziliya, Argentina, Rusiya və s. inkişaf etməkdə olan ölkələrdən maliyyə vəsaitləri çıxdığı üçün bu ölkələrdə fond birjaları düşür, milli valyuta isə zəifləyir. Yaxin 5-7 ildə bu tendensiyanın daha da kəskinləşməsi gözlənilir. Təhlillər deməyə əsas verir ki, bu dövrdə xammal və qiymətli metalların da bahalaşması mümkün olmayacaq", - deyə "Report"un analitikləri qeyd edib.

    Xarici dövlətlərin ehtiyatlarında olan səhmləri hazırda fond birjalarının tarixi maksimum həddə olmasından istifadə edərək nağdlaşdırması, bir müddətdən sonra yüksək gəlirliyə görə ABŞ istiqrazlarına yatırması məqsədəuyğun sayıla bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi