Xalid Əhədov: "ABB-nin bu ili mənfəətlə başa vuracağı proqnozlaşdırılır"

Xalid Əhədov: "ABB-nin bu ili mənfəətlə başa vuracağı proqnozlaşdırılır" Banka 3 mlrd. dollarlıq tranşın açılacağı gözlənilir
Maliyyə
7 Fevral , 2017 14:49
Xalid Əhədov: ABB-nin bu ili mənfəətlə başa vuracağı proqnozlaşdırılır

Bakı. 7 fevral. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədri Xalid Əhədov “Reuters” informasiya agentliyinə müsahibə verib.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, müsahibədə ABB-nin sağlamlaşdırılması tədbirlərindən danışan X.Əhədov Banka bu sahədə dövlət dəstəyinin üç istiqaməti əhatə etdiyini göstərib. O, Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli fərmanı çərçivəsində ötən il Bankın problemli aktivlərinin bir qisminin “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına ötürüldüyünü və bunun müqabilində Banka 10 mlrd. manat likvid vəsaitin ayrıldığını xatırladıb, həmçinin Azərbaycan Dövlət Neft Fondunun ötən il Bankda 1 mlrd. ABŞ dolları məbləğində depozit yerləşdirdiyini göstərib. Bu ilin əvvəlində isə hökumət ABB-nin nizamnamə kapitalında iştirak payını artırıb.

İH-nin sədri bildirib ki, qalan problemli aktivlərin “Aqrarkredit”ə təhvil verilməsi müqabilində Banka açılacaq növbəti tranşın məbləğinin müəyyənləşdirilməsi istiqamətində iş gedir: “İlkin hesablamalara görə, bu tranşın məbləği təxminən 3 mlrd. dollar olacaq. Bu, Bankda 500 mln. manat məbləğində ehtiyatın kapitala qayıdışını təmin edəcək”.

Onun sözlərinə görə, bu əməliyyatın 2017-ci ilin birinci rübündə həyata keçirilməsi gözlənilir. X.Əhədov hazırda Bankda aparılan maliyyə-təşkilati sağlamlaşdırma tədbirlərindən də danışıb. O, qeyd edib ki, bu tədbirlər nəticəsində ABB-nin 2017-ci ili kiçik də olsa, mənfəətlə başa vurması proqnozlaşdırılır. X.Əhədov Bankın xarici öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hər hansı probleminin olmayacağını bildirib.

ABB-nin özəlləşdirilməsinə hazırlıq barədə suallara da cavab verən X.Əhədov bunun təşkilati-sağlamlaşdırma tədbirlərinə paralel olaraq mərhələli icra olunacağını qeyd edib. Eyni zamanda, özəlləşdirmə prosesində iştirak edə biləcək mümkün investorlar haqqında mövqeyini bölüşüb: “Azərbaycanın sosial-iqtisadi inkişafında maraqlı olan Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi qurumların prosesə cəlb edilməsi çox əhəmiyyətlidir. Bundan başqa, investor qismində ABB-yə yeni texnologiyalar və yeni nəfəs gətirə biləcək özəl xarici maliyyə institutlarına da üstünlük verilə bilər. Özəlləşdirmə prosesinə yerli investorların da yerli İPO vasitəsilə cəlb olunması mümkündür”.

Son xəbərlər

Orphus sistemi