Yuxarı

Vüsal Qasımlı: "Maliyyə Sabitliyi Şurası fiskal və maliyyə siyasətlərini koordinasiya edəcək"

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Maliyyə Sabitliyi Şurasının əhəmiyyətini şərh edib

Bakı. 19 iyul. REPORT.AZ/ Makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədilə yaradılan Maliyyə Sabitliyi Şurasının (MSŞ) əhəmiyyəti böyükdür. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış MSŞ-nin tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh olan qurumların rəhbərləri daxil edilib: "Bu isə o deməkdir ki, maliyyə və fiskal siyasətlərin uzlaşdırılması üçün daha çevik vahid platforma yaranır. Əgər MSŞ-nin tərkibinə baxılsa burada üç tərəfin təmsil olunduğu görünür. Prezidentinin Administrasiyası, Nazirlər Kabinetinə (NK) birbaşa tabeçiliyi olan Maliyyə və İqtisadiyyat Nazirlikləri, həmçinin NK-ya daxil olmayan Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Dövlət Neft Fondu (ARDNF). Beləliklə, Azərbaycanda aparılan institusional islahata əsasən iqtisadiyyata cavabdeh olan hər üç blok qurumlar bir platformada birləşir. Bu mənada Baş Nazirin MSŞ-ya rəhbərlik etməsi makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının təmin edilməsi sahəsində fəaliyyətin sistemli əlaqələndirilməsini təmin edəcək".

V.Qasımlı qeyd edib ki, hazırda makro və fiskal siyasəti yürüdən qurumların NK-nın strukturunda olması, digər tərəfdən isə monetar siyasətə cavabdeh Mərkəzi Bankın, meqarequlyator olaraq MBNP-nın və iqtisadiyyatın xarici valyuta təminatında aparıcı rola malik olan ARDNF-nin isə Nazirlər Kabinetinin strukturunda yer almaması fiskal və maliyyə siyasətlərinin daha dərin koordinasıyasını zəruri edib: "Bu mənada MSŞ bütün resursları mobilizasiya edərək makro çərçivəni daha dəqiq müəyyənləşdirməyə, həmçinin fiskal və maliyyə siyasətlərinin bir-birini tamamlamasına zəmin hazırlayır. Dünya təcrübəsində MSŞ-lar 2010-cu ildə ABŞ-da, 2012-ci ildə İsveçdə, 2013-cü ildə Almaniya və Xorvatiyada yaradılıb. Qardaş Türkiyədə MSŞ 2011-ci ildə yaradılıb və Xəzinə Katibliyi, Mərkəzi Bank, Bankçılıq Tənzimləmə və Nəzarət Agentliyi, Kapital Bazarları Şurası və Əmanətlərin Sığortalanması Fondunu əhatə edib. Dünya təcrübəsinin təhlili göstərir ki, iqtisadi siyasətin ayrı-ayrı istiqamətlərinə cavabdeh olan qurumların bir platformadan koordinasiya olunması müsbət səmərəsini verir. Azərbaycanda da MSŞ uğurlu xarici analoqlarının nümunəsinə uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının təmin olunmasında mühüm rol oynayacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi