​Vitas Vasiliauskas: "Litvanın avroya keçidi gözləniləndən rahat olub"

​Vitas Vasiliauskas: "Litvanın avroya keçidi gözləniləndən rahat olub" Mərkəzi Bankın sədri: "Litvanın vahid Avropa valyutasına keçidi ölkənin iqtisadi inkişafına müsbət təsir gostərəcək"
Maliyyə
6 Yanvar , 2015 19:23
​Vitas Vasiliauskas: Litvanın avroya keçidi gözləniləndən rahat olub

Bakı. 6 yanvar. REPORT.AZ/ Litvada bu ilin əvvəlindən milli valyutanın avro ilə dəyişilməsi prosesi gözləniləndən daha rahat keçir və bu proses iki həftə ərzində başa çatacaq. "Report"un məlumatına görə, bunu Litva Mərkəzi Bankının sədri Vitas Vasiliauskas bildirib.

Qeyd edək ki, Litva Avropa Birliyinə (AB) 1999-cu ilin dekabr ayında dəvət alıb və 2003-cü ildə keçirilən referendum nəticəsində səs verənlərin 90%-i bunun lehinə çıxış edib. Bu il yanvarın 1-dən isə milli valyutasından imtina edən Litva Avrozonaya qoşulan sonuncu Baltikyanı dövlət olub.

V.Vasiliauskasın fikrincə, Litvanın vahid Avropa valyutasına keçidi ölkənin iqtisadi artım tempinə müsbət təsir gostərəcək. Latviya, Almaniya, Polşa kimi Avrozonaya daxil olan ölkələrin Litvanın idxal-ixracında və maliyyə transferlərində mühüm yer tutduğunu deyən baş bankir avroya keçidlə iqtisadi münasibətlərin daha da güclənəcəyini proqnozlaşdırır.

Bundan əlavə, Litva digər Avrozona ölkələri ilə birlikdə səsvermə hüququ qazanaraq, Avropaya daha sürətli siyasi, iqtisadi və sosial inteqrasiya imkanı əldə edir.

Qeyd edək ki, 2014-cü ildə AB-nin xərclərindən 1,833 mlrd. avro Litva iqtisadiyyatına yönəldilib və bu, ölkənin ÜDM-inin 5,84%-nə bərabərdir.

Son xəbərlər

Orphus sistemi