Yuxarı

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
Müsabiqədə iştirakla bağlı 1 480 nəfər vətəndaş müraciət edib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarında işə qəbulla bağlı test imtahanı keçirib. Vergilər Nazirliyi tərəfindən mövcud vakant vəzifələrə işə qəbul üzrə növbəti müsabiqə elan edilib.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, müsabiqəyə sənəd qəbulu 30 avqust - 13 sentyabr tarixlərində elektron ərizə formasında aparılıb. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmağına imkan yaratmaq məqsədi ilə test imtahanında istifadə olunan sualların tərtib edildiyi ədəbiyyat siyahısı Nazirliyin internet saytı vasitəsilə namizədlərə çatdırılıb.

Qeyd edək ki, müsabiqədə iştirakla bağlı 1 480 nəfər vətəndaş müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 985 nəfəri namizəd qismində müsabiqəyə buraxılıb.

Müsabiqənin test imtahanı və müsahibə olmaqla iki mərhələdən ibarət keçirilir. Qanunvericiliyə uyğun olaraq, test imtahanında uğur qazanmış namizədlər müsahibənin ikinci mərhələsinə – müsahibəyə buraxılacaqlar. Müsahibələrdə namizədlərin ümumi dünyagörüşü, onların müvafiq sahədə bilikləri və onları tətbiq etmək bacarıqları yoxlanılır. Müsahibələrdə şəffaflığın təmin edilməsi üçün müsahibə kollegial şəkildə – Müsabiqə Komissiyası tərəfindən aparılır, müsahibələrdə audio-video çəkilişdən istifadə edilir. Müsahibənin nəticələri Nazirliyin internet saytı vasitəsilə ictimaiyyətə açıqlanır.

Müsahibədə uğur qazanan namizədlər dövlət vergi orqanlarının ehtiyat kadrlar siyahısına daxil ediləcək və onların vakant vəzifələrə təyinatı üzrə müvafiq tədbirlər görüləcəkdir. İmtahanın nəticələri nazirliyin internet saytı vasitəsilə ictimaiyyətə elan ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi