Yuxarı

​Vergilər Nazirliyində yeni yaradılan idarənin vəzifələri müəyyənləşib

İdarənin əsas vəzifəsi vergi ödəyicilərində müvafiq sahə üzrə aparılan nəzarət tədbirlərinə nəzarət işlərini həyata keçirmək olacaq

Bakı. 22 fevral. REPORT.AZ/ Vergilər Nazirliyinin strukturunda yeni yaradılan Vergi auditi və operativ nəzarət İdarəsinin vəzifələri müəyyən edilib. "Report"un məlumatına görə, İdarənin əsas vəzifəsi vergi orqanları tərəfindən vergi ödəyicilərində müvafiq sahə üzrə aparılan nəzarət tədbirlərinə nəzarət işlərini həyata keçirmək olacaq.

Bundan əlavə, İdarəyə vergi qanunvericiliyinə əməl olunmasını təmin edən tədbirlərin hazırlanmasında iştirak etmək, sahibkarlıq sahəsində aparılan səyyar vergi yoxlamaları və operativ nəzarət tədbirləri barədə məlumatların vahid məlumat reyestrinə təqdim edilməsinə nəzarət etmək və vergi orqanlarının aidiyyəti strukturların fəaliyyətinin dövrlər üzrə planlaşdırılmasına və icra meyarları əsasında qiymətləndirilməsinə nəzarəti həyata keçirmək səlahiyyətləri verilib.

İdarəyə şamil edilən vəzifələr sırasında Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada keçirilmiş səyyar vergi yoxlamasının materialları üzrə cinayət işinin başlanmasının qismən və ya tam rədd edilməsi və ya cinayət işi üzrə icraata qismən və ya tam xitam verilməsi barədə daxil olmuş qərarlarda verginin azaldılması hissəsini araşdırmaq və nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsini təmin etmək, beynəlxalq sorğular ilə əlaqədar işləri "Vergi məsələləri üzrə qarşılıqlı yardım göstərilməsinə dair Prosedur Qaydaları"na uyğun şəkildə təşkil etmək və Vergi Məcəlləsinin 38.2-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması və səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması barədə müvafiq qərarlar qəbul etmək vəzifələri də var.

Məlumata görə, vergi ödəyiciləri tərəfindən imzalanmasından imtina edilmiş Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada keçirilən səyyar vergi yoxlaması aktları üzrə vergi orqanlarından daxil olmuş yoxlama materiallarına rəy vermək, vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün səlahiyyətləri daxilində tədbirlər görmək və Nazirliyin rəhbərliyinə təkliflər vermək və Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada keçirilmiş səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri barədə vergi orqanları tərəfindən təqdim edilmiş məlumatları təhlil edərək ümumiləşdirmək, müvafiq hesabatlar tərtib etmək və aidiyyəti üzrə təqdim etmək səlahiyyətləri də adıçəkilən quruma verilib.

Bundan əlavə, yeni yaradılan struktur vahidi müvafiq sahədə İKT-nin tətbiqinin təkmilləşdirilməsi və müasirləşdirilməsi üçün Nazirliyin rəhbərliyinə təkliflər vermək və fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək səlahiyyətlərinə də malikdir.

Qeyd edək ki, Vergi auditi və operativ nəzarət İdarəsi ötən həftə vergilər naziri Fazil Məmmədovun əmri ilə yaradılıb, İdarənin rəisi vəzifəsinə kiçik vergi xidməti müşaviri Toğrul Quliyev təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi