Vergilər Nazirliyində Türkiyə Maliyyə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Vergilər Nazirliyində Türkiyə Maliyyə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib Nazir müavini: "İntizamlı vergi ödəyicilərinə xidmətin “Yaşıl dəhliz” prinsipi əsasında həyata keçirilməsinə başlanılıb"
Maliyyə
20 Dekabr , 2016 17:40
Vergilər Nazirliyində Türkiyə Maliyyə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 20 dekabr. REPORT.AZ/ Vergilər Nazirliyində Türkiyə Maliyyə Nazirliyinin Gəlirlər Administrasiyasının nümayəndə heyəti ilə görüş keçirilib. 

Bu barədə “Report”a Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, vergilər nazirinin müavini Sahib Ələkbərov qonaqlara ölkədə həyata keçirilən vergi siyasəti barədə məlumat verib. Nazir müavini deyib ki, vergi orqanları tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə bir sıra mühüm addımlar atılıb, o cümlədən, vergi qanunvericiliyi və inzibatçılığında bir sıra ciddi dəyişikliklər edilib.

Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində apardığı işlərə toxunan nazir müavini bildirib ki, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə iri şəhər və rayonlarda vergi ödəyiciləri üçün 57 xidmət mərkəzi yaradılıb, vergi ödəyicilərinə 63 elektron xidmət göstərilir.

Nazir müavini Vergilər Nazirliyi yanında Çağrı Mərkəzinin fəaliyyəti barədə məlumat verərək Mərkəzin yaradılması zamanı Türkiyə təcrübəsindən istifadə edildiyini vurğulayıb: “İndi vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə intizamlı vergi ödəyicilərinə xidmətin “Yaşıl dəhliz” prinsipi əsasında həyata keçirilməsinə başlanılıb. Bu məqsədlə şəffaf vergi partnyorluğu idarələri yaradılıb və fəaliyyətini şəffaf olan digər vergi ödəyicilərinə də münasibətdə “Yaşıl dəhliz” prinsipi əsasında xidmətlərin göstərilməsi təmin ediləcək”.

Nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin və Türkiyə Maliyyə Nazirliyinin Gəlirlər Administrasiyasının nümayəndələri vergi ödəyicilərinə xidmət sahəsində keçirdikləri tədbirlər barədə, Mahmut Sütçü isə “Bəzi vergi borclarının yenidən strukturlaşdırılması” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat zamanı borclu vergi ödəyiciləri ilə iş prinsipi, bu sahədə mövcud qanunvericilik və vergi borclarının yenidən strukturlaşdırılması işləri barədə məlumat verilib.

Görüşdən sonra qonaqlar Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti Xidmət və uçot İdarəsinin, habelə Tədris Mərkəzinin və Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin fəaliyyəti ilə tanış olublar.

Sabah onlar "ASAN Xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olacaqlar.

Son xəbərlər

Orphus sistemi