​Vergilər Nazirliyində istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib

​Vergilər Nazirliyində istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib Nazir müavini Sahib Ələkbərov bu sahədə qarşıda duran məsələlər barədə məlumat verib
Maliyyə
5 Mart , 2016 17:52
​Vergilər Nazirliyində istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib

Bakı. 5 mart. REPORT.AZ/ Vergilər Nazirliyində Bakıda və ölkənin digər bölgələrində istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Vergilər nazirinin müavini Sahib Ələkbərov görüşü açaraq ölkədə yaranmış yeni iqtisadi şəraitdə sahibkarlığın inkişafı, bu sahədə mövcud olan problemlərin həlli yolları ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

Bildirilib ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi yeni dönəmdə, yerli istehsalın artırılması və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması əsas hədəflərdir. Son aylar bu sahədə həyata keçirilən tədbirlərə toxunan nazir müavini ölkə prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırıldığını, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının 59-dan 37-ə qədər azaldıldığını, onların verilməsi prosedurlarının sadələşdirildiyini, ixrac yönümlü istehsalın stimullaşdırılması və ixrac fəaliyyətinin təşviq edilməsi ilə bağlı konkret tədbirlər görüldüyünü qeyd edib.

Bildirilib ki, son illər ölkədə yaradılmış çoxsaylı müəssisə, texnoparklar və müxtəlif istehsal və sənaye obyektlərinə dövlət tərəfindən böyük məbləğdə investisiyalar qoyulub, fərdi sahibkarlara kiçik müəssisələrin yaradılması üçün güzəştli kreditlər verilib. İstehsal müəssisələrin öz fəaliyyətini yeni iqtisadi çağırışlara uyğun və şəffaf şəkildə qurmalı olduqlarını vurğulayan S.Ələkbərov bu istiqamətdə görüləcək işlər içərisində uçotun düzgün aparılmasını hazırda qarşıda duran ən mühüm məsələlərdən biri olduğunu bildirib.

Bir gün əvvəl ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə keçirilmiş görüşdə onların bəzi hallarda yerli istehsalçılardan pərakəndə ticarət şəbəkəsində satışa çıxarmaq üçün mal əldə edərkən müvafiq sənəd ala bilmədiklərini söylədiklərini diqqətə çatdıraraq, belə halların yolverilməz olduğunu və belə faktlar aşkarlanarsa, vergi orqanları tərəfindən qanunamüvafiq tədbirlər görüləcəyini görüş iştirakçılarının nəzərinə çatdırıb.

Nazir müavini vergi ödəyicilərini dövriyyələrini düzgün göstərməyi və sənədləşdırmə işlərini qaydasına salmağı tövsiyə edərək bildirib ki, bu sahədə hansısa problemlə üzləşən vergi ödəyiciləri lazımi köməklik almaq üçün Vergilər Nazirliyinə, Bakı Vergilər Departamentinə, Ərazi Vergilər İdarələri və Departamentlərinə və müvafiq ərazilərdəki vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Sonra S. Ələkbərov və Vergilər Nazirliyinin görüşdə iştirak edən digər rəhbər vəzifəli şəxsləri görüş iştirakçılarının suallarını cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi