Yuxarı
    Bağlamaq

    Vergilər Nazirliyi: əməkdaşlarımızın 47%-dən çoxunun yaşı 35-dən aşağıdır

    Vergilər Nazirliyi gənc kadrların daha yuxarı vəzifələrə irəli çəkilməsi baxımından da fərqlənir

    Bakı. 31 may. REPORT.AZ/ “2005-ci ildən başlayaraq dövlət vergi orqanlarına işə qəbul üzrə keçirilmiş ümumilikdə 12 müsabiqə nəticəsində 1258 nəfər gənc vergi orqanlarında işlə təmin edilib. Bu gün vergi orqanlarında xidmət keçən vəzifəli şəxslərin təxminən 47,3%-i yaşı 35-ə qədər olan gənclərdir”.

    “Report” xəbər verir ki, bunu Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru Faiq Şahbazov deyib.

    Onun sözlərinə görə, Vergilər Nazirliyi gənc kadrların daha yuxarı vəzifələrə irəli çəkilməsi baxımından da fərqlənir: “Yuxarı menecer vəzifələrinin tutulması üçün potensiallı kadrların müəyyən edilməsi və onların sistemli olaraq həmin vəzifələrə hazırlanması məqsədilə nazirliyin kadr ehtiyatı formalaşdırılıb ki, hazırda bu ehtiyatda kifayət qədər gənc kadrlarımız var. Qeyd edilən kadr ehtiyatında olan, habelə orta menecer vəzifələrinə yeni təyin edilən gənc əməkdaşlarımız üçün mütəmadi olaraq hər il idarəetmə sahəsində təlimlər təşkil olunur. Görülən işlərin nəticəsidir ki, hazırda rəhbər vəzifəli şəxslərin 32,2%-ni yaşı 35-dən aşağı olan əməkdaşlar təşkil edir”.

    Nazirlik rəsmisi deyib ki, bu il təmsil etdiyi qurum tərəfindən iki işə qəbul müsabiqəsi keçirilib: “Dövlət vergi orqanlarının kadr tələbatını nəzərə alaraq, 2017-ci ildə iki müsabiqə keçirmişik. Müsabiqələrdə iştirak etmək üçün ümumilikdə 4976 nəfər (birinci müsabiqədə 3532 nəfər, ikinci müsabiqədə 1444 nəfər olmaqla) vətəndaş müraciət edib. İndiyədək keçirilmiş müsabiqələr içərisində həm müraciət edənlərin, həm də namizəd kimi qeydə alınanların sayı baxımından ən yüksək göstərici bu müsabiqələrdə müşahidə olunub. Müsabiqələrin test imtahanı mərhələsində 92 nəfər uğur qazanaraq müsahibə mərhələsinə buraxılıb, həmin mərhələdə isə 83 nəfər müvəffəqiyyət əldə edərək ehtiyat kadrlar siyahısına daxil edilib. Onlardan 58 nəfəri artıq analoji vakant vəzifələrə təyin olunub. Hazırda işə yeni qəbul edilənlər Vergilər Nazirliyinin Tədris Mərkəzində ilkin hazırlıq kursu keçirlər”.

    F.Şahbazov “2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası” haqqında da danışıb: “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək tvinninq layihəsi çərçivəsində nazirliyin 150 əməkdaşı xarici ekspertlərin cəlb olunduğu 35 işçi seminarda və təlimdə 30 mövzu üzrə ən son təcrübə ilə yaxından tanış olub. “2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası” çərçivəsində İKT-nin imkanlarından istifadə etməklə 2015-ci ildən onlayn rejimdə iş yerindən ayrılmadan əməkdaşlar üçün e-təlimlər təşkil edilir ki, bu da az xərc və vaxt sərf etməklə təlim proseslərinin intensivləşməsinə imkan verir. Məncə, təkcə bu rəqəmləri demək kifayətdir ki, 2016-cı il ərzində 2876 nəfər e-təlimlərə cəlb edilib. Cari ilin yanvar-may aylarında isə 1063 nəfər əməkdaş onlayn təlimlərdə iştirak edib. 2016-cı ildən başlayaraq vergi orqanlarının fəaliyyət sahələri üzrə əməkdaşların bilik və bacarıqlarının sertifikatlaşdırılmasına başlanıb. Bu isə əsasən vergi orqanlarının spesifik kadr tələblərinin nəzərə alınması və ayrı-ayrı sahələr üzrə kadrların ixtisaslaşmasına xidmət edir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi