Yuxarı

​Vergilər nazirliyi bu il 1600-dən çox cinayət işi başladıb

İstintaqı tamamlanmış cinayət işlərindən 115 iş ittiham aktı ilə məhkəmələrə göndərilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 1621 sayda cinayət işi başlanıb. Bu barədə "Report"a Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, onlardan 305-i vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (o cümlədən, 174-ü külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələri, 1277-si vergi borcunun ödənilməməsi, 38-i operativ vergi nəzarəti tədbirlərinin (bunlardan 19 işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, 18 iş aksiz markası ilə markalanmamış məhsulların saxlanması faktı üzrə) nəticələri ilə bağlı vergi orqanlarından daxil olmuş materiallar əsasında, 1-i isə qanunsuz sahibkarlıq faktı ilə bağlı digər hüquq-mühafizə orqanından daxil olmuş material üzrə başlanıb.

Hesabat dövründə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 44 milyon 262, 8 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.

İstintaqı tamamlanmış cinayət işlərindən 143 şəxs barəsində 115 iş ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

Departamentin İstintaq idarəsində 573 cinayət işi üzrə ibtidai istintaq tamamlanmış, 44 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 290 iş çoxdur.

İcraatına xitam verilmiş 458 cinayət işindən 390-nı üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət işinə xitam verilməsi barədə qərarlar qəbul edilib ki, onlardan da 72-si kulli miqdarda vergidən yayınma ilə əlaqədar olub.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 31 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 257 şəxsin məcburi qaydada gətirilməsi, 366 şəxsin tapılaraq istintaqa gəlmələri, 315 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi