Yuxarı

Vergilər naziri Şəmkirdə görüş keçirib

Fazil Məmmədov bütün müraciət və təkliflərin nəzərə alınacağını bildirib

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün vergilər naziri Fazil Məmmədov Şəmkir şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Bu barədə "Report"a Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.

Görüşdə çıxış edən nazir F.Məmmədov dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəyə təsirləri barədə danışıb, büdcə gəlirlərinin neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər və atdığı qətiyyətli addımlar nəticəsində qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsirinin minimallaşdırılımasına nail olunduğunu vurğulayıb.

F.Məmmədov iqtisadi inkişaf dinamikasının saxlanması, yerli istehsalın dəstəklənməsi, sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, əhalinin yaranmış yeni iqtisadi situasiyadan zərər çəkməməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə görüş iştirakçılarına geniş məlumat verərək, mövcud iqtisadi şəraitdə iş yerlərinin ixtisarına yol verilməməsinin və yeni iş yerlərinin yaradılmasının qarşıda duran ən mühüm vəzifələrdən olduğunu bildirib.

Açıq dialoq şəraitində keçən görüşdə F.Məmmədov qarşıdakı dövr üçün müəyyənləşdirilmiş strateji istiqamətlər barədə məlumat verib. Bildirilib ki, 2016-cı ildə iqtisadi şaxələndirmə, regional inkişaf, qeyri-neft sektorunun inkişafı prioritet olacaqdır. Azərbaycan hökumətinin məqsədi ölkədə sahibkarlığın inkişafı, qeyri-neft sektorunun ümumi daxili məhsulda və büdcə daxilolmalarında payının artırılmasına, sahibkarlıq fəaliyyətində canlanmaya nail olmaqdır. Bu mənada 2016-cı ildə regionlarda sahibkarlığın inkişafına xüsusi önəm veriləcək.

F.Məmmədov bildirib ki, yerlərdə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bütün mümkün addımlar atılır. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarların dəstəklənməsi məqsədilə vergi qanunvericiliyinə ciddi dəyişikliklər edilərək onlara bir sıra vergi güzəştləri verilib, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı azaldılıb, sahibkarlıq subyektlərində yoxlamaların əksəriyyəti dayandırılıb, ölkədə investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə ölkə başçısı tərəfindən yeni qanunvericlik sənədləri təsdiq edilib. O qeyd edib ki, sahibkarlar da bu dəstəkdən faydalanaraq, məhsul istehsalının artırılmasına nail olmalıdır.

F.Məmmədov yerli sahibkarlara müraciət edərək onları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə, yerli istehsalla bağlı layihələrə sərmayə yatırmağa çağırıb. Qeyd olunub ki, Şəmkir rayonunda kənd təsərrüfatının, turizmin daha da sürətlə inkişaf etməsi üçün böyük potensial var. Qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan qeyri-neft sənayesinin inkişaf etditilməsinin vacibliyini diqqətə çatdıran nazir Şəmkir rayonu ərazisində də belə bir sənaye zonasının yaradılması imkanlarının nəzərdən keçirilməli olduğunu vurğulayıb.

Son illər rayonda açılmış yeni müəssisələr barədə danışan nazir onlardan Şəmkirçay su anbarının ölkəmizin qeyri-neft sektorunda həyata keçirilən ən böyük investisiya layihələrindən biri olduğunu qeyd edib. Bu layihənin reallaşdırılması nəticəsində Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli suyun verilməsinin təmin edildiyi, Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında on minlərlə hektardan artıq sahənin su təminatının yaxşılaşdırıldığı bildirilib.

Şəmkirdə yeni innovativ texnologiyalara əsaslanan müasir tipli sahibkarlıq subyektlərinin, o cümlədən gələcəkdə 3 min nəfərədək işçinin çalışacağı nəzərdə tutulan Şəmkir Aqroparkı, artıq istifadəyə verilmiş müasir texnoloji avadanlıqlarla təchiz olunmuş “Zəyəm Texnologiyalar Parkı”nın və çörək zavodu kimi obyektlərin Şəmkir rayonunda kənd təsərrüfatının inkişafında, əhalinin maddi rifahının yaxşılaşmasında, xüsusilə də bölgədə yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynadığını qeyd edən F.Məmmədov ötən il rayonda 3337 iş yerinin, o cümlədən 587 daimi iş yerinin yaradılmasını müsbət dəyərləndirib.

Ölkə başçısının dövlət büdcəsindən dotasiya alan rayonların sayının azaldılması ilə bağlı dediklərinə toxunan nazir Şəmkir rayonunun da bu istiqamətdə ciddi addımlar atmasını vacib hesab edib. O vurğulayıb ki, bu münbit torpağı, suvarma üçün suyu, zəhmətkeş insanları, bacarıqlı sahibkarları olan Şəmkir rayonu üçün kifayət qədər real bir vəzifədir və dövlət büdcəsindən rayona ayrılan vəsaitin məbləğini azaltmaq, gələcəkdə isə tamamilə dotasiyasız işləmək üçün təsirli tədbirlər görülməlidir.

F.Məmmədov yerli icra hakimiyyətini və bələdiyyələri sahibkarlarla partnyorluq münasibətlərini dərinləşdirməyə, sahibkarlara hərtərəfli yardım göstərməyə, sahibkarları isə öz növbəsində yeni iş yerləri yaratmağa, istehsal sahələrini genişləndirməyə, bütün bunlarla yanaşı fəaliyyət göstərdikləri bölgələrdə öz sosial məsuliyyətlərini də hiss etməyə çağırıb.

Görüşdə çıxış edən sahibkarlar və ictimiayyət nümayəndələri, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib, Şəmkir rayonunda yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması, sahibkarlara kredit resurslarının ayrılması, kənd təsərrüfatı məhsullarının satışı və xarici bazarlara çıxarılmasında sahibkarlara köməklik göstərilməsi və s. ilə bağlı təkliflərlə çıxış ediblər.

Dəllər qəsəbəsindən olan sahibkar Etibar Əliyev heyvandarlığın və quşçuluğun daha da intensiv inkişaf etdirilməsi üçün rayonda yem zavodunun tikintisinə ehtiyac olduğunu, bu məqsədlə hazırlanmış layihənin reallaşdırılmasına köməklik göstərilməsini xahiş edib. Kür qəsəbə sakini Şahin Pənahov qəsəbədə yaşayan qadınları işlə təmin etmək üçün formaların tikilişi və xalça sexinin yaradılmasına köməklik göstərilməsini xahiş edib. Düyərli kənd sakini Rafiq Cəfərov isə Zəyəm çayının suyun istifadə olunmasında yaranmış problemlərdən danışaraq, əhalinin su təchizatının yaxşılaşdırılması və su itkisinin qarşısının alınması üçün yeni boru xətlərinin çəkilməsinin vacibliyini diqqətə çatdıraraq, bununla bağlı dövlət qurumlarından köməklik gözlədiklərini qeyd edib. Vergilər naziri Fazil Məmmədov bütün müraciət və təkliflərin nəzərə alınacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi