​Vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının həcmi artırılır

​Vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının həcmi artırılır Sadələşdirilmiş vergi dərəcəsinin artırılması, idman mərc oyunlarında uduşlara 10% həcmində vergi tətbiqi nəzərdə tutulur
Maliyyə
16 Oktyabr , 2015 16:02
​Vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının həcmi artırılır

Bakı. 16 oktyabr. REPORT.AZ/ Ticarət və ictimai iaşə fəaliyyətilə məşğul olan şəxslərin vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılması təklif olunur.

"Report" xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, təqvim ili ərzində vergi hüquqpozulmasına birinci dəfə yol verildikdə 400 manat məbləğində maliyyə sanskiyası tətbiq olunurdusa, dəyişikliklə bu məbləğ 2 000 manat olacaq: "Təqvim ili ərzində ikinci dəfə hüquqpozulmasına yol verildikdə isə indiki kimi 800 manat deyil, 4 000 manatdək cərimə olunması təklif edilir. Belə hüquqpozulmasına üçüncü dəfə yol verildikdə isə cərimənin 1 200 manatdan 6 000 manat məbləğinə qədər qaldırılması təklif olunur".

Təklif olunan digər bir dəyişikliyə əsasən, Azərbaycanda ticarət və ictimai iaşə sahələrində çalışan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsinin artırılması, idman mərc oyunlarında uduşlara 10% həcmində vergi tətbiqi nəzərdə tutulur. 

Nazir F.Məmmədov bildirib ki, üç ildir idman mərc oyunlarında əldə edilən uduşlar vergidən azad idi: "Bu da həmin sahənin inkişafını stimullaşdırmışdı və üç ildə bu sahənin dövriyyəsi 300 milyon manatadək yüksəlib. Buna görə də hazırkı iqtisadi vəziyyətdə bu mənbənin vergiyə cəlb edilməsi əlverişli olacaq". 

Dəyişikliyə əsasən, sadələşdirilmiş verginin ticarət fəaliyyətilə məşğul olan sahibkarlar üçün dövriyyənin 6%-i, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçünsə 8%-i səviyyəsində edilməsi təklif olunur.

Son xəbərlər

Orphus sistemi