Vergi güzəştləri tətbiq olunan sahələr genişləndirilir

Vergi güzəştləri tətbiq olunan sahələr genişləndirilir Peyk və digər kosmik obyektlər əmlak vergisindən azad edilir
Maliyyə
16 Oktyabr , 2015 18:03
Vergi güzəştləri tətbiq olunan sahələr genişləndirilir

Bakı. 16 oktyabr. REPORT.AZ/ Vergi güzəştləri və azadolmaların aid edildiyi obyektlər siyahısına peyklərin və digər kosmik obyektlərin daxil edilməsi təklif edilir.

"Report"un verdiyi xəbərə görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklər siyahısındadır. Bundan başqa, humanitar yardımların və ixrac məqsədli neft-qaz fəaliyyətilə əlaqədar gətirilən avadanlıqların vergidən azad edilməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən hərbi məqsədlər üçün istifadə olunan bütün növ texnika və texniki vasitələr, onların ehtiyat hissələri, silah-sursat idxalı, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstəkləyici hissələr vergidən azad ediləcək.

Bundan başqa, Azərbaycanda qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin müvafiq icra hakimiyyəti orqanının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar da vergidən azad ediləcək.

Texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xəttilə gətirilən mallar da vergidən azadolunanlar siyahısına salınacaq.

Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda və qaydada fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar da vergidən azad ediləcək.

Eyni zamanda, layihədə ixrac məqsədli neft-qaz fəaliyyətilə əlaqədar gətirilən avadanlıq və materiallar (ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycana daxil olan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə), xüsusi iqtisadi zonaya idxal olunan mallar (aksiz mallar istisna olmaqla) və lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalının vergidən azad edilməsi təklif olunur.

Dəyişiklikdə həmçinin məhsul ötürən kəmərlərin vergi güzəştlərinin ləğvi də təklif edilir. 

Qeyd edək ki, "Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi təsdiqlənərsə, sənəd 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək. 

Son xəbərlər

Orphus sistemi