​Vergi Apellyasiya Şurası Bakı Vergilər Departamentinin qərarlarını ləğv edib

​Vergi Apellyasiya Şurası Bakı Vergilər Departamentinin qərarlarını ləğv edib “Z-engineering” MMC-nin təkrar şikayəti təmin olunub
Maliyyə
10 Mart , 2016 19:27
​Vergi Apellyasiya Şurası Bakı Vergilər Departamentinin qərarlarını ləğv edib

Bakı. 10 mart. REPORT.AZ/ Vergi Apellyasiya Şurası vergi ödəyicisi kimi Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində qeydiyyatda olan hüquqi şəxs “Z-engineering” MMC-nin “Səyyar vergi yoxlaması” Aktının, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarların ləğv edilməsi barədə təkrar şikayətinə baxıb.

"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, Cəmiyyətdə 2012-ci ilin iyun ayından 2014-cü ilin dekabrı üzrə olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması keçirilib və həmin yoxlama ilə Cəmiyyətə ödəmə mənbəyində tutulan vergi üzrə əlavə vergi hesablanıb və maliyyə sanksiyası tətbiq edilib.

Səyyar vergi yoxlaması zamanı əmək haqqı məbləğinin və işçilərin sayının faktiki yerinə yetirilən işlərin həcminə uyğunluğunu araşdırmaq məqsədilə yoxlamaya Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilib. Azərbaycan Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, 2012-ci və 2014-cü illər üzrə 1 nəfər işçi üçün illik iş vaxtı norması və təmir işləri sahəsində bir muzdlu işçiyə düşən orta aylıq əməkhaqqı məbləğinə uyğun olaraq, əmək haqqı hesablanıb və Vergi Məcəlləsinin 67-ci, 45-ci, 83.2-ci, 101-ci və 150.1.7-ci maddələrinə əsasən əlavə olaraq ödəmə mənbəyində tutulan vergi hesablanıb.

Apellyasiya Şurasının iclasında aparılan müzakirələr, vergi ödəyicisinin zərərlə işləməsi, təkrar şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər, eləcə də mütəxəssis rəyi ilə bağlı toplanmış materiallar və sübutlar əsas götürülməklə, Vergi Apellyasiya Şurasının qərarı ilə “Z-engineering” MMC-nin təkrar şikayəti təmin olunaraq, Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarları ləğv edilib.


Son xəbərlər

Orphus sistemi