Vasili Xamaza: "Nikoil Bank" Azərbaycandakı bankların TOP-15-nə daxil olub"

Vasili Xamaza: "Nikoil Bank" Azərbaycandakı bankların TOP-15-nə daxil olub" V.Xamaza İdarə Heyətinin bütün üzvləri kimi öz pullarını "Nikoil Bank"a etibar edib
Maliyyə
17 Noyabr , 2015 12:01
Vasili Xamaza: Nikoil Bank Azərbaycandakı bankların TOP-15-nə daxil olub

Bakı. 17 noyabr. REPORT.AZ/ "Nikoil Bank" ASC son 10 il ərzində böyük inkişaf yolu qət edib və artıq Azərbaycan bankları arasında əsas göstəricilərə görə ilk 15-liyə daxil olub". "Report" xəbər verir ki, bunu bu ay banka rəhbər təyin edilməsinin 10 ili tam olan "Nikoil Bank"ın İdarə Heyətinin sədri Vasili Xamaza qeyd edib.

"Mən banka gələndə "Nikoil Bank"ın valyuta balansı cəmi 18 mln. manat təşkil edirdi, işçi heyəti isə 50 nəfərdən bir az çox idi. Kabinetimdə döşəmədə dayananda tavana əlim çatırdı. Bu gün isə Bank 700-dən artıq peşəkar əməkdaşdan ibarət komandadan, 2013-cü ildə səhmdarlarımız tərəfindən açılışı baş tutan müasir mərkəzi ofisi, VİP müştərilər üçün "Private Bank" şöbəsi və ölkə üzrə yerləşən 21 filialdan ibarətdir", - deyə V.Xamaza bildirib.

Sədr qeyd edib ki, bank dürüst, siyasiləşməyən, tamamilə bazar prinsiplərinə əsaslanan biznes həyata keçirir, aktiv şəkildə xeyriyyəçiliklə məşğuldur, sosial məsuliyyət, mənəviyyat və sağlam həyat tərzini nəinki kollektiv, həmçinin müştərilər arasında da aşılamağa çalışır.

"Dənizkənarı Milli Parkda, əməkdaşlarımız və müştərilərimiz üçün olan Yeni İl kross qaçışımız ənənə halı alıb, alpinist təlim toplanışları və alpinizm üzrə bank əməkdaşlarından ibarət komandamızın zirvələrə qalxması müntəzəm hala çevrilib, yaxtaçılarımızın reqatası, futbol yarışlarında iştirak, xəstə uşaqlara, korlar cəmiyyətinə xeyriyyə ziyarətlərimiz, idmançılara, musiqiçilərə, rəssamlara, II Dünya və Qarabağ müharibələri veteranlarına dəstək, talassemiyadan əziyyət çəkən xəstələrə qanvermə üzrə kütləvi aksiyalar keçiririk", - deyə bankın sədr əlavə edib.

Bu gün, "Nikoil Bank"ın nə dərəcədə güvənli və etibarlı olmasına isə sədr güclü arqumentlər gətirib: "Komandaya yox, bankın səhmdarlarına baxmaq lazımdır. Nə dərəcədə onlar imkanlı, siyasi və iqtisadi dayanıqlıdırsa, o qədər də bankın gələcəyi dayanıqlıdır. Bizim bankın əsas səhmdarı, "LUKoil" şirkətinin prezidenti Vahid Yusif oğlu Ələkbərovu oxuculara təqdim etməyə ehtiyac yoxdur. Səhmdarlar texnologiyalarla, məsləhətlərlə və resurslarla kömək etməklə, bizim müraciət və xahişlərimizə diqqətlə yanaşırlar."

V.Xamaza 2-4 ildən sonra effektiv işləməyə başlayan gələcəyin texnologiyasına investisiya yatırdıqlarını da qeyd edib: "Bütün bazardakı dəyişkənliyə və dünyada müşahidə olunan qeyri-sabitliyə baxmayaraq, texnologiya və yeniliklərə üstünlük verərək, bankın inkişaf strategiyası istiqamətində çalışırıq. Biz yeni satış məntəqələri açırıq və hazırda fəaliyyət göstərənləri təkmilləşdiririk. Mərkəzi Bank sərt şəkildə normativləri izləyərək və banklara dəstək göstərərək bank sektorunu ciddi nəzarətdə saxlayır. Dediyim kimi, Azərbaycan İpoteka Fondu və Sahibkarlığa Kömək Milli Fondu kreditlərimizi 11,5 mln. manat dəyərində maliyyələşdirib və daha 12,5 mln. manat təqib üçün bizə ötürüb." 

V.Xamaza xüsusilə bildirib ki, bütün İdarə Heyətinin üzvləri kimi o da öz pullarını "Nikoil Bank"da saxlayır: "Biz banka güvənirik. Əmanətlərin artımı bu il üçün 19 mln. manata yaxın təşkil edir".

Sədr bildirib ki, bu gün, güvən faktoru çox şey ifadə edir. Onun sözlərinə görə, əmanətçilər arasında panika yaratmaqla istənilən bankı, onun nə dərəcə dayanıqlı olmasından asılı olmayaraq, zəiflətmək mümkündür.

"Bəli, sabitlikdə marağı olan səhmdarlar, Əmanətlərin Sığortalanması Fondu, Mərkəzi Bank mövcuddur. Lakin, daha çoxu sizinlə birlikdə bizdən, bizim qarşılıqlı anlayışımızdan və məsuliyyətimizdən - əməkdaşlardan, əmanətçilərdən və sadəcə bankın müştərilərindən asılıdır. Biz öz müştərimizə inanırıq, çətin suallardan yan keçmirik, heç bir sualı və müraciəti cavabsız qoymuruq. Bizim kabinetlərimizin qapıları sualları və şübhəsi olan hər kəs üçün açıqdır", - deyə bank rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi