"Unibank" müştərilərin məzənnə itkilərini öz üzərinə götürüb

"Unibank" müştərilərin məzənnə itkilərini öz üzərinə götürüb Bank 1 200-ə yaxın müştərisinin itirdiyi vəsaiti kompensasiya edib
Maliyyə
19 Mart , 2015 15:10
Unibank müştərilərin məzənnə itkilərini öz üzərinə götürüb

Bakı. 19 mart. REPORT.AZ/ "Unibank" ASC valyuta məzənnəsinin dəyişməsi nəticəsində plastik kart sahiblərininin kart hesablarından əlavə silinmiş məbləğləri müştərilərə geri qaytarıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, mövcud məzənnə dəyişikliyindən sonra kart istifadəçilərinin üzləşdikləri vəziyyəti nəzərə alan bank 1 200-ə yaxın müştərisinin itirmiş olduqları vəsaiti kompensasiya edib.

"Manatın xarici valyutalara qarşı məzənnəsinin dəyişməsi nəticəsində plastik kart istifadəçilərimizin məruz qaldıqları vəsait itkilərini öz üzərimizə götürdük. Bu məqsədlə həmin vəsait fevralın 21-dək "Unibank"ın "MasterCard" və "Visa" ödəniş kartları ilə xarici valyutada əməliyyat aparmış və bankla hesablaşma anında əlavə məbləğ itirmiş müştərilərimizin kart hesablarına bərpa edilib”, - "Unibank"ın “Kart Prossesinq” Departamentinin rəhbəri İlqar İbrahimov deyib.

Qeyd edək ki, ödəniş kartları ilə xarici valyutada əməliyyatlar üzrə mövcud hesablaşma qaydalarına əsasən, əməliyyat anında kart hesabında əməliyyatın məbləği həmin günün rəsmi məzənnəsinə müvafiq olaraq bloklanır. Bankla müştəri, eləcə də bankla qarşı tərəf arasında hesablaşma isə bir ay ərzində baş verə bilir. Bu zaman aparılmış əməliyyatın məbləği hesablaşma aparılan günün məzənnəsinə müvafiq olaraq konvertasiya edilir. Nəticədə yerli valyutanın xarici valyutalar qarşısında ucuzlaşması, yaxud bahalaşmasından asılı olaraq kart hesabından bloklanmış məbləğə nisbətən daha çox, yaxud daha az məbləğ silinir. Hesablaşma günü fevralın 21-dən sonrakı tarixlərə təsadüf edən əməliyyatlar üzrə kart istifadəçilərindən daha çox məbləğlərin silinməsi bununla izah olunur.

Son xəbərlər

Orphus sistemi