Yuxarı

​"Unibank" kart kreditlərinin limitini azaldıb

Bank müştərilərin Albalı Plus kartındakı kredit limitini birtərəfli qaydada azaldıb

Bakı. 22 yanvar. REPORT.AZ/ "Unibank" ASC müştərilərinin "Albalı Plus" kartındakı kredit limitini 2 dəfə azaldıb. Məlumata görə, Bankın bu qərarı kredit limiti 1 000 manatdan yüksək olan bütün müştərilərə şamil edilib. "Report"a açıqlama verən müştərilər bildiriblər ki, kredit limitinin aşağı salınması ilə bağlı qərarı Bank birtərəfli qəbul edib və onlara heç bir məlumat verməyib.

Bankın 117 nömrəli Müştəri Xidmətlərindən "Report"a məsələni təsdiq ediblər və məsələ ilə bağlı müştərilərin məlumatlandırılmamasını isə Bankın sistemində yaranan problemlə əlaqələndiriblər: "Sistemdə problem yaranmışdı. Ona görə də müştərilərə məlumat verilməyib. Amma hissə-hissə bütün müştərilər məlumatlandırılacaq".

"Report"un sorğusuna cavab olaraq "Unibank"ın mətbuat xidmətindən bildirilib ki, müştərilər 117 Müştəri Xidmətinə zəng etməklə əldə etdikləri kartlar haqqında məlumat əldə edə bilərlər: “Bank atdığı bütün addımlarda müştəri ilə bağladığı müqaviləyə istinad edir. "Albalı Plus" kartında limitlər risk qruplarına uyğun müəyyənləşdirilir və kart sahibi olan müştərilər Müştəri Xidmətindən kartlarının hansı risk qrupuna aid olduğunu öyrənə bilərlər. "Albalı Plus" kart sahibləri öz vəsaitlərini karta yerləşdirə, istifadə edə və bankda istədikləri vaxt nağdlaşdıra bilərlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi