Türkmənistan pulsuz kommunal xidmətləri ləğv etməyə hazırlaşır

Türkmənistan pulsuz kommunal xidmətləri ləğv etməyə hazırlaşır Bu, ölkənin üzləşdiyi maliyyə çətinlikləri ilə əlaqədardır
Maliyyə
9 İyun , 2017 10:47
Türkmənistan pulsuz kommunal xidmətləri ləğv etməyə hazırlaşır

Bakı. 9 iyun. REPORT.AZ/ Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov əhaliyə müraciət edərək ölkə vətəndaşlarını pulsuz elektrik enerjisi, içməli su və təbii qaz təminatı ilə vidalaşmağa hazır olmağa çağırıb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, pulsuz kommunal xidmətlərin ləğvi Türkmənistanın üzləşdiyi maliyyə çətinlikləri ilə əlaqədar ola bilər. 

Qeyd edək ki, Orta Asiyanın ən böyük qaz ixracatçısı bir il bundan əvvəl qiymətlərin azalması ilə əlaqədar valyuta çatışmazlığı ilə üzləşib və dollar satışını məhdudlaşdırıb. 5,5 mln. əhalisi olan Türkmənistanda vətəndaşlar 24 ildir kommunal xidmətlərdən limitli də olsa pulsuz faydalanıblar. 2014-cü ilə qədər isə vətəndaşlara ayda 120 litr benzin pulsuz verilib. Yerli informasiya agentlikləri yazır ki, bundan sonra pulsuz kommunal xidmətlərlə yalnız əhalinin maddi baxımdan zəif təbəqəsi təmin oluna bilər. 

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (IMF) Türkmənistanın dövlət büdcəsi kəsinin artmaqda davam edəcəyini və bu il ümumi daxili məhsulun 0,7%-i qədər olacağını proqnozlaşdırır. 

Hazırda Türkmənistan yalnız Çinə "mavi yanacaq" ixrac edir. Bu ölkə hər il Türkmənistandan ildə 35-40 mlrd. kubmetr qaz alır.

Son xəbərlər

Orphus sistemi