Türkiyənin qızıl ehtiyatları 3,5 illik minimuma enib

Türkiyənin qızıl ehtiyatları 3,5 illik minimuma enib Türkiyə milli valyutası yeni devalvasiya dalğası ilə üzləşə bilər
Maliyyə
28 Dekabr , 2016 15:11
Türkiyənin qızıl ehtiyatları 3,5 illik minimuma enib

Bakı. 28 dekabr. REPORT.AZ/ Türkiyənin qızıl ehtiyatları 2016-cı ildə 137 ton və ya 26,6% azalaraq 378 tona geriləyib. 

"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu, son 3,5 ilin ən minimal qızıl ehtiyatıdır. Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının (TCMB) hesabatına görə, 378 ton qızılın 116 tonu və ya 30,7%-i bankın öz aktivi, qalan 262 tonu isə məcburi ehtiyatlar şəklinə kommersiya banklarının aktivləri olub və istənilən vaxt geri götürülə bilər. Belə ki, 2011-ci ildə banklara verilən icazə ilə məcburi ehtiyatların qızıl şəklində də qəbul edilməyə başlanılıb. Qərardan sonra TCMB-nin qızıl ehtiyatları 4 dəfədən çox artaraq 116 tondan 519 tona yüksəlib.

Analitiklər valyuta ehtiyatlarındakı azalmanı banklarda likvidlik qıtlığı ilə əlaqələndirsələr də, qızıl ehtiyatlarının azalması kreditləşmənin məhdudlaşdırılması kimi başa düşülür.

TCMB-nin qızıl ehtiyatlarındakı əsas azalma sentyabrın 23-də "Moody's" Beynəlxalq Reytinq Agentliyinin Türkiyənin müstəqil reytinqini aşağı salmasından sonra baş verib. Bu tarixdən sonra TCMB-nin valyuta ehtiyatları 7,6 mlrd. dollar, qızıl ehtiyatları isə 4,2 mlrd. dollar azalma göstərib. Kredit reytinqinin yaxın zamanlarda "Fitch" tərəfindən də aşağı salınması gözlənilir. Bu və kapitalın hərəkətinə məhdudiyyətlərin tətbiqi ilə bağlı şayiələr xarici investorların Türkiyədən uzaqlaşmasına və TCMB-nin ehtiyatlarının daha da azalmasına gətirib çıxara bilər. Nəticədə, türk lirəsi yeni devalvasiya dalğası ilə üzləşə bilər.

Son xəbərlər

Orphus sistemi