Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin ötən gün dövriyyəyə buraxdığı və 25 mart 2027-ci il tarixinə qədər tədavüldə olacaq istiqrazlarına 3 dəfədən çox tələb olub.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin xəzinədarlığından bildirilib.
Məlumatda deyilir ki, Türkiyə 2017-ci ildə cəlb etməyi planlaşdırdığı 6 mlrd. ABŞ dolları məbləğində vəsaitin 2 mlrd. dollarını və yaxud 33%-ni istiqrazların hesabına cəlb edib. Qiymətli kağızların 49%-i ABŞ, 26%-i Böyük Britaniya, 11%-i Türkiyə, 11%-i digər Avropa ölkələri, 3%-i başqa ölkələrdəki investorlara satılıb.
Emissiyada "Barclays", "Citigroup", "Goldman Sachs" və "Qatar National Bank" təşkilatçı kimi iştirak edib. İstiqrazların illik kupon faizi 6%, investorlar üçün gəlirliliyi isə 6,15% olub. Onları almaq üçün 256 investor sifariş verib.
Xatırladaq ki, hazırda ABŞ-da uçot dərəcəsi 0,75%, Avropada 0%, İngiltərədə 0,25%, Yaponiyada isə -0,1% təşkil edir. "Report"un analitik qrupu hesab edir ki, Türkiyənin vəd etdiyi 6%-lik gəlirlilik kifayət qədər yüksəkdir və risklidir. Belə ki, bir müddət əvvəl dünya maliyyə bazarlarında inkişaf etməkdə olan ölkələrin dövlət istiqrazları 3-5% gəlirliliklə yerləşdirilib.