Yuxarı

​Türkiyədən kapital axını güclənib

Bu il xarici investorların Türkiyədəki aktiv satışı 5 mlrd. dollara çatıb

Bakı. 26 iyun. REPORT.AZ/ Xarici investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı gözləntilər, habelə siyasi qeyri-müəyyənlik səbəbindən Türkiyədəki aktivlərini kütləvi şəkildə satırlar.

"Report" xəbər verir ki, iyunun 12-19-da xarici investorlar Türkiyədə 875 mln. dollarlıq səhm və istiqraz satışı həyata keçiriblər. Bununla birlikdə xarici investorların 2015-ci ildəki ümumi aktiv satışı 4,7 mlrd. dollara çatıb. Nəticədə, Türkiyə lirəsi (TRY) 12% zəifləyib, istiqrazlar üzrə gəlirlik inkişaf etməkdə olan ölkələr arasında ən sürətli yüksəliş həyata keçirib. Qeyd edək ki, bu, Türkiyədən son 10 ildə ən sürətli nağd vəsait çıxarılmasıdır. Nəzərə alsaq ki, 2012-ci ildə Türkiyə maliyyə bazarlarına 22 mlrd. dollar həcmində vəsait daxil olub, o zaman kapital axınının hələ bir qədər davam edəcəyi ehtimal olunur.

FES-in sentyabrdan etibarən uçot dərəcəsini artıracağı ilə bağlı gözləntilər səbəbindən inkişaf etməkdə olan ölkələrin maliyyə sistemindən 2015-ci ildə 26 mlrd. dollar çıxarılıb. Türkiyədəki siyasi risk isə vəsait axınını bir az da sürətləndirib. Hələ də yeni hökuməti qura bilməyən türk parlamentindəki siyasi partiyaların yenidən erkən seçkilərə gedəcəyi istisna olunmur. Bu isə, onsuz da problemli olan ölkə iqtisadiyyatını daha da zəiflədə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi