​Türkiyədə bank əmanətləri sürətlə xarici valyutaya çevrilir

​Türkiyədə bank əmanətləri sürətlə xarici valyutaya çevrilir Milli valyutanın devalvasiyasından ehtiyat edən əmanətçilərin valyuta depozitlərinin payı 43%-ə çatıb
Maliyyə
7 Avqust , 2015 14:52
​Türkiyədə bank əmanətləri sürətlə xarici valyutaya çevrilir

Bakı. 7 avqust. REPORT.AZ/ Türkiyə bank sektorunda xarici valyutada yerləşdirilən əmanətlərinin xüsusi çəkisi son 10 ildə maksimal həddə çatıb. Banklara Nəzarət və Tənzimləmə Komitəsindən verilən məlumata əsasən, banklarda olan əmanətlərin 43%-i xarici valyutada saxlanılır. Sonuncu dəfə analoji göstərici 2005-ci ildə qeydə alınıb. Qeyd edək ki, Türkiyə lirəsi 2015-ci ildə dollara qarşı 16% dəyərdən düşüb. Bu, 2001-ci ildən etibarən il ərzində lirənin dollarla müqayisədə ən yüksək zəifləmə göstəricisidir.

"Report" xəbər verir ki, Türkiyənin son dövrdə təhlükəsizlik problemləri ilə üzləşməsi Avropa, Orta Şərq və Afrika pul vahidləri arasında lirənin daha da zəifləyəcəyinə işarə edir. Nəticədə, Türkiyədə dövlət istiqrazlarının satışı artıb. Türk lirəsindən qaçan investorlar Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini endirərək iqtisadiyyatı canlandırmasına da mane olur.

Londonda yerləşən "UBS Group AG"ın valyuta analitiki Manik Narain dollarlaşmanın qarşısını almaq üçün monetar siyasəti ağırlaşdırmaq lazım olsa da, Mərkəzi Bankın bunu həyata keçirməyə tələsmədiyini qeyd edir.

İyunda keçirilən parlament seçkilərindən artıq iki ay keçməsinə baxmayaraq, Türkiyədə hələ də hökumətin qurulmaması, koalisiya hökumətinin yarana bilməməsi erkən seçim gözləntiləri yaradır ki, bu da investorların narahatlığına səbəb olur.

Bundan başqa, Türkiyə İŞİD terror təşkilatı ilə Suriya sərhədində apardığı mübarizə problemlər arasında yer alır. Mərkəzi Bankın məlumatına görə, bu ilin əvvəlindən xarici investorlar 4 mlrd. dollarlıq istiqraz satıblar. Nəticədə, 2 illik istiqrazların illik gəlirliyi 8%-dən 9,98%-ə yüksəlib və "Bloomberg"in məlumatına əsasən, bu, 20 inkişaf etmiş ölkə arasında faizi daha çox artan istiqrazlar sayılır.

Xatırlatmaq lazımdır ki, hazırda Türkiyədə dolların məzənnəsi 2,78 TRY/USD-yə bərabərdir. Tarixi maksimal səviyyə isə parlament seçkilərinin sabahı günü, iyun 8-də qeydə alınıb və 2,81 TRY/USD olub. Məzənnənin cari ilin sonuna kimi 3,00 TRY/USD-yə qədər yüksələcəyi ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi