​Türkiyə lirəsinin devalvasiyası davam edəcək - PROQNOZ

​Türkiyə lirəsinin devalvasiyası davam edəcək - PROQNOZ "Report": Türkiyə kimi likvidlik problemi olan maliyyə bazarlarını ciddi sınaq gözləyir
Maliyyə
9 Sentyabr , 2015 13:04
​Türkiyə lirəsinin devalvasiyası davam edəcək - PROQNOZ

Bakı. 9 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın "Ebury Partners" investisiya şirkəti Türkiyə milli valyutasının (lirə) 2015-ci ilin sonuna qədər daha 2,3% zəifləyərək ABŞ dollarına nisbətdə 3,10 TRY/USD-yə çatacağını ehtimal edir. Qeyd edək ki, "Bloomberg"agentliyinin 39 valyuta təhlilçisi arasında apardığı monitorinqin nəticələrinə əsasən, son bir ildə məhz "Ebury Partners" investisiya şirkəti türk lirəsi üçün ən dəqiq proqnoz verən təşkilat olub.

"Report"un analitik qrupu qeyd edir ki, türk lirəsindəki zəif tendensiya yaxın bir ildə davam edəcək. Türkiyə hökümətinin son parlament seçkilərindən sonra formalaşa bilməməsi nəticəsində yenidən seçkilərin keçirilməsi qərarının verilməsi, ölkənin şərqində ölüm halları ilə nəticələnən terror hadisələri, Çindəki iqtisadi vəziyyət, ABŞ-da uçot dərəcəsinin ilin sonuna qədər artırılması gözləntiləri, Türkiyə kimi inkişaf etməkdə olan (emergency markets) ölkələrin maliyyə bazarlarından sərmayənin çıxması prosesinin davam etməsi lirənin ilin əvvəlindən kəskin zəifləməsinə səbəb olub. Belə ki, 2015-ci ilin əvvəlində 2,33 TRY/USD olan məzənnə artıq 3 dollar həddini keçib. Nəticədə, milli valyuta bu il 30% devalvasiya olub.

"Report"un ekspertləri noyabrda keçırılməsi planlaşdırılan təkrar seçkilərdən sonra yenidən təkbaşına iqtidar partiyasının qalib çıxmasının çətin olacağını proqnozlaşdırlar. ABŞ Federal Ehtiyyat Sisteminin (FES) uçot dərəcəsini isə bu ay artırılacağı ehtimal olunur. Bu, dünya valyuta bazarında dolların daha güclənməsinə səbəb olacaq. Bu iki amil Türkiyədə dolların məzənnəsini 3,20-3,30 TRY/USD səviyyəsinə artıra bilər.

Məzənnənin yüksəlməsinə səbəb olan daha bir amil Türkiyənin yüksək kəsirə sahib olan xarici ticarət balansıdır. Türkiyə Mərkəzi Bankı məzənnənin artması ilə idxalın azalacağını və ixrac potensialının yüksələcəyini düşünür. Məzənnənin yüksəlməsinə bir başqa səbəb də Türkiyə maliyyə və kapital bazarlarından "isti" pulların inkişaf etmiş, daha az riskli ölkələrə istiqamətlənməsidir. Xüsusilə ABŞ-da uçot dərəcəsinin artması ilə sərmayənin bu ölkəyə axması ehtimal edilir. ABŞ-ın isə uçot dərəcəsini tədricən, yaxın 5-8 ildə artıracağı proqnozlaşdırıldığı üçün inkişaf etməkdə olan ölkələri, xüsusilə Türkiyə kimi likvidlik problemi olan maliyyə bazarlarını bu müddət ərzində çətin sınaq gözləyir. Nəticədə, TRY/USD məzənnəsinin mərhələli şəkildə yüksələcəyi proqnozlaşdırılır. Bu proses "isti" pulların inkişaf etməkdə olan bazarlara dönəcəyi tarixə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi