Yuxarı

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3% artıb

Xarici ticarət dövriyyəsinin ümumi həcmi isə illik müqayisədə 9% azalıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan xarici ticarət tərəfdaşı olan 147 ölkə ilə 28,825 mlrd. ABŞ dolları həcmində ticarət əməliyyatı həyata keçirib.

“Report”un Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən verdiyi xəbərə görə, illik müqayisədə ticarət dövriyyəsinin həcmi 9,13% azalıb. Ticarət əməliyyatlarının 8,112 mlrd. dolları idxal, 20,713 mlrd. dolları ixrac əməliyyatlarının payına düşüb. Nəticədə, ticarət əməliyyatlarında 12,601 mlrd. dollarlıq müsbət saldo müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 16,61%, ixrac 5,82% azalıb, müsbər saldo isə 2,74% artıb.

İdxal əməliyyatlarının 2,126 mlrd. dolları dövlət, 5,657 mlrd. dolları özəl sektor tərəfindən həyata keçirilib. İdxalın 2,740 mlrd. dolları Avropa İttifaqı, 1,851 mlrd. dolları MDB ölkələrinin payına düşüb. İdxal əməliyyatlarının ən yüksək həddi aprel ayında (970,1 mln. dollar), ən aşağı həddi isə yanvarda (535,8 mln. dollar) müşahidə edilib.

İxrac əməliyyatlarının isə 19,475 mlrd. dolları dövlət, 1,029 mlrd. dolları isə özəl sektor tərəfindən gerçəkləşdirilib. Bu müddətdə Aİ ölkələrinə ixrac 11,060 mlrd. dollar, MDB ölkələrinə isə 787,2 mln. dollar olub. İxrac əməliyyatlarının ən yüksək həddi mayda (2,323 mlrd. dollar), ən aşağı həddi isə noyabrda (1,518 mlrd. dollar) qeydə alınıb.

Hesabat dövründə Azərbaycana 5 984 çeşiddə mal idxal olunub. İxrac mallarının çeşidi isə 2 084 ədəd təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi