Yuxarı

Qoşunların təmas xəttinə yaxın ərazilərdəki banklar və bankomatlar adi rejimdə işləyir

Bankomatların fəaliyyətində də hər hansı məhdudiyyət yoxdur

Bakı.4 aprel. REPORT.AZ/ Cəbhə boyu ərazilərdə müşahidə olunan son gərginlik həmin ərazilərdəki bankların işinə heç bir təsir etməyib. Əhalinin bank xidmətləri ilə təminatında heç bir məhdudiyyət yoxdur.

Azərbaycan Beynəlxalq Bankından "Report"a bildirilib ki, təmas xəttində baş verən son hadisələr Bankın cəbhəyanı bölgələrindəki xidmət şəbəkəsinin fəaliyyətinə təsir etməyib. Bu bölgələrdə də əhaliyə bank xidmətlərinin göstərilməsi əvvəlki qaydada davam edir. O cümlədən ərazidəki bankomatların fəaliyyətində də hər hansı məhdudiyyət yoxdur.

"Kapital Bank" ASC-dən də bildirilib ki, Bankın cəbhəyanı bölgələrə yaxın olan filiallarının iş qrafikində heç bir dəyişiklik edilməyib və adi iş rejimində müştərilərə bank xidmətləri göstərilir.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelər və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi