Lənkəran şəhər Təhsil Şöbəsi əmək haqqının ödənilməsində özbaşınalığa yol verib

Lənkəran şəhər Təhsil Şöbəsi əmək haqqının ödənilməsində özbaşınalığa yol verib Hesablama Palatası: Şöbə tərəfindən səmərəsiz xərclərə yol verilib
Maliyyə
29 İyul , 2016 17:49

Bakı. 29 iyul. REPORT.AZ/ Lənkəran şəhər Təhsil Şöbəsində əmək haqlarının ödənilməsində özbaşınalıqlara yol verildiyi müəyyən olunub. "Report" bu barədə Hesablama Palatası tərəfindən dövlət büdcəsinin yerli xərclərindən 2013-2015-ci illərdə Lənkəran şəhər Təhsil Şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələrinə istinadən xəbər verir.

Şöbə tərəfindən mövcud təlimat və qaydaların tələblərinə düzgün əməl edilməyərək tədris-təcrübə sahəsinə rəhbərlik, kabinə müdirliyi, emalatxanaya rəhbərlik üçün əlavə haqq, şagird sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatları, həmçinin şagirdlərin sıxlığının gözlənilməməsi və az komplektli ibtidai siniflərdə komplektləşmə aparılmaması nəticəsində paralel və artıq saxlanılmış sinif komplektləri üçün artıq əmək haqqı ödənilib. Məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilib.

Şöbə tərəfindən bəzi hallarda funksional fəaliyyətə aid olmayan tədbirlərə vəsait yönəldilməklə səmərəsiz xərclərə yol verilib. Təhsil şöbəsi tərəfindən auditin əhatə etdiyi dövrdə keçirilmiş ümumilikdə 48 satınalma prosedurunun araşdırılması ilə alınmış malların qiymətinin orta bazar qiymətindən və respublikanın digər rayon təhsil şöbələri üzrə eyni növ malların alış qiymətindən fərqli olduğu, satınalmalar zamanı əksər hallarda yeni yaranmış, müvafiq sahədə təcrübəsi olmayan, nizamnamə kapitalı çox az olan, bir sıra hallarda isə dövriyyəsi olmayan müəssisələrin qalib elan edildiyi müəyyən olunub.

Bununla yanaşı, əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi zamanı tərtib edilmiş zəruri sənədlərdə müəyyən uyğunsuzluqlara yol verilməsi, işlərin dəyərinin mövcud qanunvericiliyin tələbləri tam gözlənilməməklə müəyyən edilməsi səbəbindən artıq vəsait xərclənib.

Mühasibat uçotunun təşkili və aparılmasının mövcud normativ aktlara uyğun olmadığı, əvəzsiz qaydada verilmiş müxtəlif inventar və avadanlıqların mərkəzi mühasibatlıq tərəfindən uçota alınmadığı, əsaslı təmir xərcinin binaların balans dəyərinə əlavə edilmədən birbaşa xərcə silindiyi, Lənkəran şəhər ümumtəhsil məktəblərinə Təhsil Nazirliyi tərəfindən əvəzsiz qaydada verilmiş kompüterlərdən tədris prosesində tam istifadə edilmədiyi qeyd olunub.

Hesablama Palatasının Kollegiyası Lənkəran şəhər Təhsil Şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib.

Audit olunan dövrdə Şöbə tərəfindən ümumilikdə 50 865,9 min manat məbləğində vəsait icra edilib, 2013-2015-ci illər üzrə ayrılmış vəsaitlərin icra səviyyəsi müvafiq olaraq 95,1%, 95,7% və 93,9% təşkil edib. Lənkəran şəhər Təhsil Şöbəsi 87 ümumtəhsil məktəbini, 29 388 şagird və 4 020 müəllim kontingentini əhatə edir, ümumtəhsil məktəblərində şagirdlər üzrə orta sıxlıq 16,7 nəfərdir.

Son xəbərlər

Orphus sistemi