Yuxarı

Tahir Budaqov BMT-nin Statistika Komissiyasının 47-ci sessiyasında iştirak edib

Sessiya Nyu-York şəhərində keçirilib

Bakı. 12 mart. REPORT.AZ/ Nyu-York şəhərində martın 8-dən 11-dək BMT-nin Statistika Komissiyasının 47-ci sessiyası keçirilib. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sessiyada “Dayanıqlı inkişaf üzrə gündəlik–2030” hədəflərinin yerinə yetirilməsinə statistik dəstək, qaçqınlar statistikası və ümumi daxili məhsulun beynəlxalq müqayisələri proqramı ilə yanaşı, rəsmi statistikada islahatlar proqramı, milli hesablar, ekoloji-iqtisadi uçot, beynəlxalq statistik təsnifatlar və s. məsələlər barəsində müzakirələr aparılıb.

Azərbaycanı sessiyada Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edib.

Səfər zamanı T.Budaqov BMT-nin Statistika şöbəsinin direktoru Stefan Schveinfest, Avropa Statistika Bürosunun (Avrostat) Avropa Statistika Sistemində əməkdaşlıq, beynəlxalq əməkdaşlıq və resurslar direktorluğunun rəhbəri Piter Everaers, İslam Ölkələrinin Statistika, İqtisadiyyat və Sosial Tədqiqat Mərkəzinin (SESRİC) direktoru Musa Kulaklıkaya, MDB Dövlətlərarası Statistika Komitəsinin rəhbəri Vladimir Sokolin və bir sıra ölkələrin milli statistika orqanlarının rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar barədə məlumat verilib, son dövrdə milli statistika sisteminin təkmilləşdirilməsi, Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək planlar haqqında müzakirələr aparılıb.

Komitə sədri tədbirdə qaçqınlar statistikası ilə bağlı məruzə edib, bu məsələnin sessiyanın gündəliyinə daxil edilməsinin Azərbaycan tərəfindən də dəstəkləndiyini və bu barədə BMT-nin Statistika şöbəsinə rəsmi müraciət edildiyini qeyd edib. Çıxışının sonunda T.Budaqov qaçqınların uçotu üzrə həm milli, həm də beynəlxalq statistika təşkilatlarının mütəxəssislərindən ibarət komitənin formalaşdırlıması təklifinin ölkəmiz tərəfindən dəstəkləndiyini, eləcə də qaçqınların statistik uçotu üzrə beynəlxalq tövsiyələrin hazırlanmasında Azərbaycan statistiklərinin də iştirak etməyə hazır olduqlarını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi