Stin Yakobsen: "Gələn ilin ilk ayları dolların möhkəmlənmə dövrü olacaq" - MÜSAHİBƏ

Stin Yakobsen: "Gələn ilin ilk ayları dolların möhkəmlənmə dövrü olacaq" - MÜSAHİBƏ Saxo Bank"ın baş iqtisadçısı: "Lakin daha sonra ABŞ valyutası davamlı zəifləyəcək"
Maliyyə
26 May , 2015 13:01
Stin Yakobsen: Gələn ilin ilk ayları dolların möhkəmlənmə dövrü olacaq - MÜSAHİBƏ

Bakı. 26 may. REPORT.AZ/  "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsenin "Report"a müsahibəsi:


-Yaxın 5 ildə inkişaf etmiş (İEÖ) və inkişafda olan ölkələrın (İOÖ) iqtisadi inkişafı və maliyyə bazarlarının vəziyyəti, həmçinin likvidlik problem ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

- 2015-ci il inkişaf və iqtisadiyyatın bərpası üçün itkilərlə dolu bir ildir. Bu ilin ikinci yarısı yüksək faiz dərəcələri, nisbətən zəif ABŞ dolları və nisbətən yüksək əmtəə qiymətləri müşahidə olunacaq. 2016-cı ilin ilk aylarında Avropada iqtisadi enmə, ABŞ-da qiymətli kağızların gəlirliyinin azalması, möhkəmlənən ABŞ dolları və zəif kapital bazarı gözlənilir.

Gələn ilin ikinci yarısında biznes dövriyyəsinin mütəmadi olaraq normallaşması və sağlamlaşmasını gözləyirəm. Çox aşağı bir nöqtədən olsa da, nəhayət, biz irəli hərəkət etməyə başlayacağıq.

Texnoloji baxımdan bir sıra vacib - demoqrafiya - qocalan əhali - avtomatlaşdırmanın sürətli inkişafı kimi məsələlər var. Texnologiya/robotların qısamüddətli dövrdə yaradılan iş yerləri ilə müqayisədə daha çox yerdə insanları əvəzləməsi gələcəkdə işsizliklə bağlı ciddi təhlükələr yarada bilər, ancaq İOÖ üçün gələcəkdə daha geniş imkanlar yaradacaq.

Bir sıra İOÖ-nün dəyişiklik istiqamətində islahatlar haqqında düşünməsi üçün ciddi böhran nöqtəsinə çatması gərəkir. Fikrimcə, bu, 2016-cı ildə baş verəcək. Ümumiyyətlə, İOÖ və İEÖ barədə ciddi bir narahatlıq görmürəm – onların hamısının islahatlara ehtiyacı var və böhran 2015-2016-cı illərdə bu islahatları şərtləndirəcək.

- Yaxın 5 ildə maliyyə bazarlarının vəziyyəti barədə nə düşünürsüz?

- Yaxın gələcəkdə maliyyə bazarlarında qeyri-stabillik və daha az tənzimləmə tədbirlərinin olacağını düşünürəm. Tənzimləmələr anti-tsiklik olmalıdır. Bankların əhəmiyyəti getdikcə azalacaq, təmin olunmuş aktivlər üzrə qiymətli kağızların (sekyuritizasiya) emissiyasında artım olacaq və zəmanətli infrastruktur istiqrazları maliyyə bazarlarında növbəti müzakirə obyektinə çevriləcək.

Asiya və İOÖ-nün iqtisadiyyatlarının əhəmiyyətli şəkildə liberallaşdırılacağını düşünürəm. Belə ki, kapital və investisiyaya artmaqda olan ehtiyac qapalı iqtisadiyyat tendensiyasının əvəzlənməsini şərtləndirir.

- İOÖ-nün likvidliklə bağlı problemi barədə də fikirləriniz maraqlıdır.

- Bu real bir təhlükədir. Eyni maliyyə alətləri ilə sövdələşmələrin çoxluğu, normativ-hüquqi baza, bundan əlavə hökumət, mərkəzi banklar tərəfindən bazarlara kütləvi intervensiyalar. Kəmiyyət yumşaldılması siyasəti yekunlaşdıqdan sonra bazarlarda dirçəlmə olacaq.

- Sizcə, ABŞ dollarının yaxın 5 ildə digər valyutalara qarşı hərəkəti necə olacaq?

- Düşünürəm ki, 2016-cı ilin ilk ayları ABŞ dollarının möhkəmlənmə dövrü olacaq, ancaq daha sonra valyuta davamlı zəifləyəcək.

- ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmağa başlaması tarixi, davam etmə müddəti və dünya maliyyə bazarlarına təsiri necə ola bilər?

- FES-in uçot dərəcəsi ilə bağlı qərarı sentyabrda gözlənilir. Düşünürəm ki, təsir mənfi olacaq, çünki nəticədə marjanın təmin olunması tələbi irəli sürüləcək. Uçot dərəcəsinin artırılması iqtisadiyyatdan çox dərəcənin dəyişilməsi ehtiyacına əsaslanır. FES bazar iştirakçılarını təəccübləndirəcək.

- Çin iqtisadiyyatının hazırkı vəziyyəti, bu ölkədə devalvasiya ehtimalı və olarsa bunun dünya bazarına təsirini necə qiymətləndirirsiz?

- Yaxın gələcəkdə Çində devalvasiyanın olacağını xəbər verən hər hansı bir əlamət müşahidə olunmur. Ölkə hökuməti monetar yumşaldılma siyasəti vasitəsilə iqtisadi enmənin qarşısını almağa çalışır. Belə görünür ki, Çin hökumətinin "İpək Yolu"na inamı böyükdür. Bununla yanaşı, onlar anlayırlar ki, layihənin həyata keçirilməsi müəyyən qədər vaxt tələb edir və bu da öz növbəsində monetar yumşaldılma vasitəsilə əlavə dəstəyə ehtiyac yaradır.

- Rusiya iqtisadiyyatının vəziyyəti və perspektivi barədə də fikirləriniz maraqlıdır. Rusiyada baş verə biləcək yeni bir böhranın dünya iqtisadiyyatına və Azərbaycana təsiri necə ola bilər? 

- Rusiya həm iqtisadi, həm də siyasi baxımdan (sanksiyalar) çətin durumdadır. İqtisadi artımın mənfi 5% təşkil edəcəyi ehtimal olunur, ancaq enerji bazarındakı müsbət tendensiya iqtisadiyyatda müəyyən qədər dirçəlmə yaradıb. Təbii ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar öz qüvvəsini qoruyur ki, bu da qlobal inkişafı təzyiq altında saxlayır.

Qeyd etmək lazımdır ki, Rusiyanın böhran vəziyyətinə düşməsi heç kimə fayda verməyəcək. Dünya iqtisadiyyatının inkişafında cüzi itkilər müşahidə olunsa da, ən böyük itkilər böhran başlayanadək Rusiya ilə sıx əlaqələrə sahib olan Avropanın siyasi arenasında olacaq. Rusiyada baş verəcək hər hansı böhranın Azərbaycana təsirini kəmiyyət baxımından qiymətləndirmək çətin olsa da, bu təsirin olacağı şübhəsizdir.

Son xəbərlər

Orphus sistemi