SOCAR istiqrazları yenidən bahalaşıb

SOCAR istiqrazları yenidən bahalaşıb Bunun əsas səbəbi bazarda istiqrazlara tələbatın artması və növbəti faiz ödənişinin yaxınlaşmasıdır
Maliyyə
19 Sentyabr , 2017 11:37
SOCAR istiqrazları yenidən bahalaşıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanda kütləvi şəkildə alınıb-satılan yeganə qiymətli kağız – Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları yenidən bahalaşıb. İstiqrazların təkrar bazarı üzrə market-meyker "PSG Kapital"in məlumatına görə, hazırda qiymətli kağızları birjada 1 007 dollara satmaq, 1 010 dollara almaq olar.

“Report” market-meykerə istinadən xəbər verir ki, bahalaşmanın əsas səbəbi bazarda istiqrazlara tələbatın artması və növbəti faiz ödənişinin yaxınlaşmasıdır. Nominal qiyməti 1 000 ABŞ dolları olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. İndiyədək istiqraz sahibləri üç dəfə – 17 yanvar, 17 aprel və 17 iyul tarixlərində faiz ödənişi (hər istiqraza görə 12,5 dollar) alıb və onlara ümumilikdə 3,75 milyon dollar ödənilib. Növbəti ödəniş oktyabrın 17-də nəzərdə tutulub və həmin gün investorlara 1,25 milyon dollar ödəniləcək. 

Bəzi alıcılar da faiz ödənişlərindən gəlir götürmək üçün həmin vaxta qədər istiqrazları almağa çalışırlar. Məhz buna görə son vaxtlar istiqrazların satışı xüsusilə sürətlənib. Təkcə son bir həftədə təkrar bazarda 1 mln. dollardan artıq SOCAR istiqrazı alınıb-satılıb.

İnvestorların SOCAR istiqrazlarına marağını artıran digər səbəb SOCAR tərəfindən nominal qiymətə alış zəmanətinin və yüksək likvidliyin olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür. Bu səbəbdən fiziki və hüquqi şəxslər arasında SOCAR istiqrazlarına böyük tələbat yaranıb.

Qeyd edək ki, təkrar bazarda SOCAR İstiqrazlarını Azərbaycan vətəndaşları və şirkətləri ilə yanaşı, xarici fiziki və hüquqi şəxslər də ala bilərlər. Ötən müddət ərzində qiymətli kağızlara xarici investorlar tərəfindən də böyük maraq müşahidə olunub. Hazırda SOCAR istiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları da var.

Son xəbərlər

Orphus sistemi