SOCAR istiqrazları üzrə təkrar bazar əməliyyatlarının həcmi 100 mln. dolları keçib

SOCAR istiqrazları üzrə təkrar bazar əməliyyatlarının həcmi 100 mln. dolları keçib Bu, fond bazarında tarixi hadisədir
Maliyyə
3 Avqust , 2017 10:41
SOCAR istiqrazları üzrə təkrar bazar əməliyyatlarının həcmi 100 mln. dolları keçib

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycanın qiymətli kağızlar bazarında tarixi hadisə baş verib. Ölkənin fond bazarında ən çox tələbat olan qiymətli kağız – Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə təkrar bazar əməliyyatlarının həcmi 100 mln. dolları keçib.

Bu barədə “Report”a “SOCAR Capital” MMC-dən bildirilib.

Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon dollarlıq həcmdə buraxılıb. Başqa sözlə, buraxılışdan 1 ildən də az vaxt keçməsinə baxmayaraq, Bakı Fond Birjasında (BFB) SOCAR İstiqrazları üzrə alğı-satqı əməliyyatlarının həcmi istiqraz buraxılışının həcmini üstələyib. Bu BFB-nin fəaliyyət göstərdiyi dövrdə və ümumiyyətlə, Azərbaycanın fond bazarının tarixində ilk belə hadisədir.

Tarixi göstəriciyə səbəb olan əməliyyat avqustun 2-də reallaşıb və bununla da, SOCAR İstiqrazları üzrə əməliyyatların həcmi 100 milyon dolları ötüb.

İstiqrazlar üzrə aktivlik hazırda da davam edir, qiymətli kağızlara fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də böyük maraq göstərir. Təkcə 2017-ci ilin ilk 6 ayı ərzində BFB-də bütün istiqrazlar üzrə təkrar bazar əməliyyatlarının 82%-i SOCAR İstiqrazlarının payına düşüb. Qarşıdakı dövrdə istiqrazlar üzrə əməliyyatların həcminin daha da artacağı gözlənilir.

SOCAR istiqrazlarına tələbatın belə böyük olmasının başlıca səbəbləri onun yüksək etibarlılığı və gəlirliliyi, bu istiqrazlar üçün SOCAR-ın geri alma zəmanəti (istiqrazların qiyməti heç vaxt 1 000 (min) dollardan aşağı düşmür və onları istənilən vaxt dərhal nağd pula çevirmək mümkündür), eləcə də istiqrazlar üzrə öhdəliklərin qrafik üzrə yüksək intizamla yerinə yetirilməsidir.

SOCAR istiqrazlarının dövriyyəyə ölkənin ən böyük və etibarlı şrkəti 5 illik müddətə, illik 5% gəlirliliklə buraxıb. Yəni, nominal qiyməti 1000 ABŞ dolları olan hər bir istiqrazın illik gəlirliliyi 50 dollar olmaqla, hazırda maliyyə sektorunda ən yüksək gəlir sayılır.

SOCAR İstiqrazları üzrə faizlər əvvəlcədən açıqlanmış qrafik üzrə həyata keçirilir. İndiyədək istiqrazlar üzrə 3 dəfə (17 yanvar, 17 aprel və 17 iyul tarixlərində) faiz ödənişi olub və istiqraz sahibləri ümumilikdə 3,75 milyon dollar qazanc əldə ediblər. 2017-ci il ərzində növbəti faiz ödənişi 17 oktyabr tarixində baş tutacaq.

Məhz bu göstəriciləri sayəsində SOCAR İstiqrazları investorlar üçün olduqca əlverişli yatırım aləti sayılır. Onları bir neçə dəqiqəyə alıb-satmaq, hissə-hissə və yaxud bütünlüklə nağd pula çevirmək, yüksək gəlir götürmək mümkündür.

Təkrar bazarda SOCAR istiqrazlarını Azərbaycan vətəndaşları və şirkətləri ilə yanaşı, xarici fiziki və hüquqi şəxslər də ala bilərlər. Ötən müddət ərzində qiymətli kağızlara xarici investorlar tərəfindən də böyük maraq müşahidə olunub. Hazırda SOCAR İstiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları var.

Bazarda SOCAR istiqrazlarına olan yüksək tələbatın qarşılanması üçün investorlar və bazar iştirakçıları tərəfindən SOCAR-a yeni istiqrazlarının və yaxud alətlərin buraxılması barədə müraciətlər daxil olmaqdadır. Hazırda bu müraciətlər və bazardakı vəziyyət araşdırılır.

SOCAR istiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə və yaxud *19 99 qaynar xəttinə müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi