Yuxarı
    Bağlamaq

    SOCAR istiqrazları üzrə növbəti faiz ödənişinə hazırlıq gedir

    Faizlər aprelin 17-də ödəniləcək

    Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ABŞ dolları ilə dövriyyəyə buraxdığı istiqrazlar üzrə növbəti faiz ödənişinin tarixi açıqlanıb. 

    "SOCAR Capital" şirkətindən "Report"a verilən məlumata görə, SOCAR istiqrazları üzrə növbəti faizlər aprelin 17-də ödəniləcək.

    Həmin tarixdə investorlar (istiqraz sahibləri) hər istiqraza görə 12,5 dollar gəlir əldə edəcəklər. İstiqraz sahiblərinə ümumilikdə 1,25 milyon dollar vəsait ödəniləcək. Vəsaitlər istiqraz sahiblərinin bank hesablarına köçürüləcək, onlar bu pulları istədikləri kimi istifadə edə - nağd formada çıxara, bank hesabında saxlaya, o cümlədən yeni istiqraz ala bilərlər.

    Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və yaxud ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə (3 aydan bir) ödənilir. İstiqraz sahibləri ilk faiz ödənişlərini yanvarın 17-də alıblar. Növbəti faiz ödənişləri həmçinin 17 iyul və 17 oktyabr tarixlərində baş tutacaq.

    Beləliklə, həcmi 100 milyon dollar olan SOCAR istiqrazlarının sahiblərinə yanvar ayından başlayaraq hər dəfə 1,25 mln. dollar olmaqla, il ərzində ümumilikdə 5 milyon dollar faiz ödəniləcək.

    SOCAR istiqrazlarının ən böyük üstünlüyü onların dollarda buraxılması, SOCAR tərəfindən minimum alış qiymətinin təyin edilməsi (qiymətin 1 000 dollardan aşağı düşməsi mümkün deyil), likvidliyin yüksək səviyyədə olmasıdır. Belə ki, istiqrazları cəmi bir neçə dəqiqəyə heç bir itki olmadan nağd vəsaitə çevirmək mümkündür. Bu da investorlar üçün heç bir investisiya alətində olmayan böyük üstünlükdür. İstiqrazların xüsusiyyətlərini, o cümlədən onlara hansı formada zəmanət verildiyini bu videodan (https://www.youtube.com/watch?v=zNl2W3jSnvA) izləmək olar.

    Hazırda SOCAR istiqrazlarını sərfəli qiymətə təkrar bazardan əldə etmək mümkündür. Bunun üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə, *1999 qaynar xəttinə və ya socaristiqraz.az saytına müraciət etmək lazımdır.

    Xatırladaq ki, SOCAR İstiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk iki ayında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir. SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 milyon dollarlıq istiqraz ticarəti edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi