SOCAR istiqrazları ilə bağlı yeni kampaniya keçirilir

SOCAR istiqrazları ilə bağlı yeni kampaniya keçirilir İstiqraz alan şəxslər komissiya ödəməyəcəklər
Maliyyə
27 Yanvar , 2017 11:13
SOCAR istiqrazları ilə bağlı yeni kampaniya keçirilir

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanın qiymətli kağızlar bazarında maraqlı aksiya başlayıb.

“Report” xəbər verir ki, "Azfinance” investisiya şirkəti ölkədə ən çox alınıb-satılan SOCAR istiqrazları ilə bağlı kampaniya elan edib.

Bu barədə şirkətin direktor müavini İntiqam Səfərəliyev bildirib.

Kampaniyaya əsasən, qarşıdakı 2 həftə ərzində bu şirkətdən SOCAR istiqrazı alan şəxslər komissiya ödəməyəcəklər. Bu, istiqraz almaq üçün şirkətə müraciət edən müştərilərin maraqlarını təmin etmək məqsədi daşıyır.

“Müraciət edənləri ən çox maraqlandıran məsələ SOCAR istiqrazlarını alarkən nə qədər komissiya ödəyəcəkləridir. İnvestorlar istiqrazın net gəlirini bank depoziti ilə müqayisə etmək üçün komissiya haqları ilə maraqlanırlar. Ona görə də biz iki həftəlik kampaniya elan etmişik”, - deyə İ.Səfərəliyev qeyd edib.

Onun sözlərinə görə, kampaniya çərçivəsində SOCAR istiqrazı alan müştərilərin bütün komissiyalarını “Azfinance” ödəyəcək: “Kampaniya fevralın 3-nə qədər davam edəcək. Bu, şirkət olaraq müştəri qazanmaq üçün bizə dəyər qatır”.

İ.Səfərəliyev, həmçinin deyib ki, SOCAR istiqrazları üzrə aparılmış PR kampaniyası öz işini görüb: “İnsanlar istiqrazlar üzrə bütün vacib məqamları bilir və investisiya etmək üçün müraciət edirlər. Prosesi ilk dəfə həyata keçirən şəxslər ikinci dəfə daha böyük məbləğlə müraciət edirlər”. 

Xatırladaq ki, daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin oktyabrında dövriyyəyə buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliliklə emissiya edilib. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfə artıq olub. Oktyabr ayının 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək. İlk faiz ödənişi 17 yanvar 2017-cı il tarixində olub. 

Son xəbərlər

Orphus sistemi