SOCAR istiqrazı sahiblərinin illik gəliri 5 mln. dollara çatacaq

SOCAR istiqrazı sahiblərinin illik gəliri 5 mln. dollara çatacaq Oktyabrın 17-də qiymətli kağızlara görə növbəti faizlər ödəniləcək
Maliyyə
27 Sentyabr , 2017 14:41
SOCAR istiqrazı sahiblərinin illik gəliri 5 mln. dollara çatacaq

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağızın – Dövlət Neft Şirkəti (SOCAR) istiqrazlarının sahiblərinin gəliri yaxın günlərdə 5 mln. ABŞ dollarına çatacaq.

Bu barədə “Report”a “SOCAR Capital” MMC-dən bildirilib.

Məlumatda deyilir ki, oktyabrın 17-də qiymətli kağızlara görə növbəti faizlər ödəniləcək. Həmin gün istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə, 1,25 mln. dollar gəlir əldə edəcəklər. Bu, SOCAR istiqrazları üzrə sayca 4-cü faiz ödənişi olacaq. Əvvəlki faiz ödənişləri bu il yanvar, aprel və iyul aylarının 17-də həyata keçirilib. Həmin ödənişlər nəticəsində istiqraz sahibləri indiyə qədər 3,75 mln. dollar qazanıblar. Növbəti faiz ödənişindən sonra isə istiqraz sahiblərinin illik gəliri 5 mln. dollara yüksələcək.

Xatırladaq ki, nominal qiyməti 1 000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və yaxud ildə 50 dollardır. Faizlər hər 3 aydan bir ödənilir. İstiqrazlar dollarla buraxıldığına görə onlar üzrə faiz ödənişləri də dollarla həyata keçirilir. Faizlər istiqraz sahiblərinin bank hesablarına köçürülür. Onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.

SOCAR istiqrazları Azərbaycanın qiymətli kağızlar bazarında fiziki və hüquqi şəxslər tərəfindən ən çox alınan qiymətli kağızlardır. İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə istiqrazların qiyməti heç vaxt min dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür. Bu xüsusiyyətlərinə görə SOCAR istiqrazları hazırda bazarda ən sərfəli və əlverişli yatırım imkanlarından sayılır. Artıq özəl şirkətlər də vəsaitlərini SOCAR istiqrazlarında saxlamağa üstünlük verirlər.

SOCAR istiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərinə və yaxud *1999 Qaynar Xəttinə müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi