SOCAR istiqraz sahiblərinə 1,25 mln. dollar ödəyəcək

SOCAR istiqraz sahiblərinə 1,25 mln. dollar ödəyəcək Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR istiqrazlarının sahiblərinə 2018-ci ildə ilk faiz ödənişi həyata keçiriləcək.
Maliyyə
15 Yanvar , 2018 15:37
SOCAR istiqraz sahiblərinə 1,25 mln. dollar ödəyəcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR istiqrazlarının sahiblərinə 2018-ci ildə ilk faiz ödənişi həyata keçiriləcək.

“SOCAR Capital” şirkətindən “Report”a verilən məlumata əsasən, yanvarın 17-də SOCAR istiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 ABŞ dolları olmaqla, ümumilikdə, 1,25 mln. dollar vəsait ödəniləcək. Bu, istiqraz sahiblərinin cari ildə qrafik üzrə ilk qazancı olacaq. 2017-ci ildə isə SOCAR istiqrazlarının sahibləri bu qiymətli kağızlardan 5 mln.dollar gəlir götürüblər.

“SOCAR Capital”dan bildirilib ki, istiqrazlar üzrə faiz ödənişi üçün tələb olunan vəsait artıq Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb: “Yanvarın 17-də həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarında olacaq”.

SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin oktyabr ayında dövriyyəyə buraxılıb. Nominal qiyməti 1 000 dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla ildə 4 dəfə ödənilir.

"SOCAR istiqrazlarının digər qiymətli kağızlardan əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və yüksək likvidliyidir. Nəticədə istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı enmir və onları dərhal nağd pula çevirmək mümkündür. Bu təkcə Azərbaycanda deyil, bütün regionda qiymətli kağızlar üçün tətbiq edilən ən əlverişli şərtlərdir", - deyə xəbərdə qeyd olunub.

Bir qədər əvvəl start verilən repo əməliyatları isə SOCAR istiqrazı sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq ən aşağı faizlə (illik 3,5%) kredit götürməyə imkan verib.

“Bu xüsusiyyətlərinə və yüksək gəlirliyinə görə, SOCAR istiqrazları hazırda Azərbaycanda ən əlverişli və sərfəli investisiya alətinə çevrilib. Eləcə də əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması nəticəsində əhali və hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. Bununla da SOCAR istiqrazları Azərbaycanın kütləvi olaraq alınıb-satılan ilk qiymətli kağızına çevrilib”, - deyə məlumatda bildirilir.

Ölkə vətəndaşları, eləcə də yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR istiqrazlarını təkrar bazardan əldə edə bilərlər. Bunun üçün onlar "ASAN Xidmət"in 1 və 5 saylı mərkəzlərinə, eləcə də *1999 Qaynar Xəttinə müraciət etməlidirlər.

Son xəbərlər

Orphus sistemi