SKMF ötən il kreditlərin 80%-ni 27 iri layihəyə yönəldib

SKMF ötən il kreditlərin 80%-ni 27 iri layihəyə yönəldib Fond hesabat ilində ümumilikdə 146 mln. manat həcmində güzəştli kredit ayırıb
Maliyyə
8 Fevral , 2018 11:10

Bakı. 8 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığı Kömək Milli Fondu (SKMF) 2017-ci ildə 146 mln. manat güzəştli kredit verib.

“Report” Fonda istinadən xəbər verir ki, bu kreditlərin hesabına 6 591 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, SKMF ötən il əsasən kiçik və orta sahibkarlığın inkişafına maliyyə dəstəyi verməli olsa da, onun ayırdığı kreditlərin 116,87 mln. manatı və yaxud 80,1%-i 27 iri layihəyə yönəldilib. Bu layihələr 2 891 yeni iş yerinin yaradılmasını nəzərdə tutur.

Hesabat dövründə SKMF kreditlərin 8,941 mln. manatını və 6,1%-ni 924 yeni iş yerinin yaradılmasına hesablanmış 41 orta layihəyə, 20,189 mln. manatını və yaxud 13,8%-ni isə 2 776 yeni iş yerinin yaradılmasına hesablanmış 1 875 kiçik layihəyə verib.

İqtisadiyyatın ayrı-ayrı sahələrinə gəlincə isə, Fond daha çox kənd təsərrüfatı məhsullarının istehsalına maliyyə dəstəyi verib. Bu istiqamətdə 1 860 layihəyə 93 625,5 mln. kredit ayrılıb. Bu, bütün layihələrin 95,2%-i, bütün kreditlərin isə 64,1%-i olmaqla 5 005 yeni iş yeri deməkdir.

SKMF müxtəlif sənaye məhsullarının istehsalına isə 68 layihə üzrə 33 663,5 mln. manat borc verib. Bu, bütün layihələrin 3,5%-i, bütün kreditlərin isə 23,1%-i olmaqla 1 000 yeni iş yeri deməkdir.

Fond kənd təsərrüfatı məhsullarının emalına isə 11 layihə üzrə 3,356 mln. manat kredit verib. Bu, bütün layihələrin 0,6%i-i, bütün kreditlərin isə 2,3%-i olmaqla 219 yeni iş yeri deməkdir.

SKMF turizmin inkişafına isə 8 layihə üzrə 5,875 mln. manatlıq, xidmət (infrastruktur) sahələrinin inkişafına isə 6 layihə üzrə 10,48 mln. manatlıq maliyyə dəstəyi verib. Bu, müvafiq olaraq bütün layihələrinin 0,4%-i və 0,3%-i, bütün kreditlərin isə 3,3%-i və 7,2%-i olmaqla 163 və 204 yeni iş yeri deməkdir. 

Son xəbərlər

Orphus sistemi