Bakı. 13 aprel. REPORT.AZ/ Artıq vətəndaşlar sığorta şirkətləri ilə elektron qaydada bağladıqları avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) müqavilələrinə dair çıxarışları yeni məzmunda ala biləcəklər.
"Report" bu barədə İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir.
Belə ki, martın sonundan etibarən İSB-nin iştirakçıları olan sığorta şirkətləri elektron sənəd formasında bağlanılan AVSMMİS müqavilələrinə dair sığortalılara kağız daşıyıcıda təqdim etdikləri çıxarışın məzmununu yeniləyib. Yeniliyə əsasən, sığortalılar AVSMMİS üzrə elektron müqavilənin sistemdə qeydiyyat statusundan asılı olaraq sığorta şirkətindən müxtəlif məzmunlarda çıxarış ala bilər. Çıxarışda müqavilə üzrə müəyyən edilmiş sığorta haqqı ödənildiyi halda müqavilənin qüvvədə olması, əks halda isə müqavilənin qüvvəyə minməməsinə dair qeyd olacaq. Həmçinin müqaviləyə xitam verilibsə, müvafiq qeyd çıxarışda əksini tapacaq.
AVSMMİS müqavilələrinin bağlanması prosesi ötən ilin 1 noyabr tarixindən etibarən tamamilə elektronlaşdırılıb. Bununla yanaşı, sığortalılara sistemdə qeydiyyatda olan öz icbari sığorta müqavilələrinə dair məlumatlarla tanış olmaq məqsədilə həmin məlumatları özündə əks etdirən çıxarışlar əldə etmək imkanı yaradılıb.
AVSMMİS müqaviləsinə dair çıxarışda müqavilənin Büronun informasiya sistemində qeydiyyat statusundan asılı olaraq qüvvədə olması, qüvvəyə minməməsi və ya xitam olunmasına dair qeydlər əks olunur. Çıxarışı əldə etməklə sığortalı şəxs öz icbari sığorta müqaviləsinin qüvvəyə minmə və qüvvədən düşmə tarixlərini, sığorta təminatının müddətini və sığorta məbləğini, müqavilənin qüvvədə olmadığı hallarda bunun üçün tələb olunan ödəniş kodunu və ödənilməli olan sığorta haqqının məbləğini, müqavilənin predmeti olan avtonəqliyyat vasitəsinə dair məlumatları, habelə müqaviləni bağladığı sığortaçıya, onun nümayəndəsinə və ya sığorta vasitəçisinə aid məlumatları öyrənə bilər. Bundan əlavə, çıxarışda olan xüsusi QR kodları smartfonun köməyilə emal edərək sığorta şirkətinin sistemində olan müvafiq icbari sığorta müqaviləsini elektron sənəd halında yükləmək və tanış olmaq, eləcə də müqavilənin doğruluğunu yoxlamaq üçün İSB-nin 9707 nömrəli SMS Mərkəzinə sorğu göndərmək mümkündür.