Səhm bazarlarında vəziyyət gərginləşib

Səhm bazarlarında vəziyyət gərginləşib Fond birjası indekslərində ciddi azalma gözlənilir
Maliyyə
27 Sentyabr , 2016 15:40
Səhm bazarlarında vəziyyət gərginləşib

Bakı. 27 sentyabr. REPORT.AZ/ İki gündür dünyanın səhm bazarlarında mənfi əhval-ruhiyyə yaranıb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət Almaniyanın "Deutsche Bank"ının səhmlərinin kütləvi şəkildə satışa çıxarılmasından gedir. 

Məlumata görə, buna səbəb bankın hökümət tərəfindən xilas edilməsinə, onun kapitalının artırılmasına ehtiyac olmaması barədə verilmiş açıqlamalardır. Bu açıqlamaların ardınca yerli XETRA fond birjasında "Deutsche Bank"ın səhmlərinin qiyməti ötən gün 7,62%, bu gün isə 2,55% azalaraq 10,25 avroya düşüb. 

"Focus" jurnalına müsahibəsində Almaniya kansleri Angela Merkel də hökümətin banka heç bir yardım etməyəcəyini bildirib. O deyib ki, hökümət "Deutsche Bank"ın ABŞ-la yaranan problemlərinə qarışmayacaq. 

Xatırladaq ki, ABŞ Ədliyyə Departamenti bir qədər əvvəl bəyan edib ki, bank qiymətli kağızlarla ticarət zamanı qanun pozuntularına yol verib və buna görə 14 mlrd. dollar kompensasiya ödəməlidir. "Deutsche Bank"ın isə maliyyə vəziyyəti elədir ki, onun bu məbləği ödəməsi mövcudluğuna son qoya bilər. Bu xəbər maliyyə bazarları üçün gözlənilməz olduğundan səhm bazarına buna mənfi cavab verib və fond birjası indeksləri düşməyə başlayıb. Almaniya fond birjasi XETRA imdeksi son iki gündə 2%-dən çox, ABŞ-ın "Dow-Jones" indeksi isə ötən gün 1%-ə yaxın azalıb.

"Report"un analitik qrupu hesab edir ki, "Deutsche Bank"da yaranan problemlər avronun məzənnəsini zəiflədəcək, fond birjaları isə maksimal tarixi səviyyəyə yaxın qiymətdə olduqları üçün hər bir mənfi xəbəri səhmlərin satışı üçün bəhanə kimi istifadə edəcəklər. Oktyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərinin gərginliyi fonunda dünya fond birjası indekslərinin ciddi azalma ilə üzləşəcəyi ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi