Yuxarı

​"Sberbank": Rusiyanın Ehtiyat Fondu bu il tükənə bilər

Rublun möhkəmlənməsi, region və şirkətlərə maddi yardım, büdcə xərclərinin artması Ehtiyat Fonduna neqativ təsir göstərir

Bakı. 23 aprel. REPORT.AZ/ "Sberbank" ASC-nin ekspertləri Rusiyada Ehtiyat Fondunun artıq 2015-ci ildə tükənə biləcəyini proqnozlaşdırırlar. Rusiya rublunun möhkəmlənməsi, dövlətin regionlara və şirkətlərə göstərəcəyi maddi yardımla birlikdə bu il büdcə xərclərinin planlaşdırılandan daha çox olması nəticəsində 2015-ci ildə Ehtiyat Fondunda 10%-dən bir qədər çox vəsait qalacağı ehtimal olunur.

"Report"un məlumatına görə, bu həftə Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin korrektə olunmuş büdcəsini təsdiq edib. Neftin qiymətinin dünya bazarında azalması nəticəsində büdcə gəlirləri 2,5 trln. rubl azaldığı üçün büdcə kəsiri 2,7 trln. rubl olacaq və bu, Ehtiyat Fondunun vəsaitləri hesabına örtüləcək.

"Sberbank"ın Makroiqtisadi Tədqiqatlar Mərkəzinin (MTM) direktoru Yuliya Tseplyayevanın fikrincə, reallıqda hökumət daha çox vəsait xərcləməli olacaq. Səbəb isə neft-qaz gəlirlərinin azalması, rublun möhkəmlənməsi və regionlara transfertlərin artmasıdır.

Y.Tseplyayeva avronun zəifləməsi və rublun möhkəmlənməsi nəticəsində Ehtiyat Fondunun ilin əvvəlindən etibarən artıq 545 mlrd. rubl itirdiyini bildirib. Qeyd edək ki, aprelin 1-nə Ehtiyat Fondu 4,4 trln. rubl təşkil edib və bu il Fonddan 3,1 trln. rublun xərclənməsi planlaşdırılır. MTM başçısının fikrincə, ölkənin bank sektorunda stabilləşmə gözlənilsə də, hökumət ilin ikinci yarısında banklara əlavə yardım göstərə bilər. Digər nəhəng şirkətlərə yardımlarla birlikdə bu məbləğin 800 mlrd. rubla çatacağı istisna olunmur. Nəticədə, ilin sonunda Ehtiyat Fondunda bugünkü vəsaitin 10%-i qala bilər.

Büdcə kəsirinin örtülməsi üçün hökumət 1 trln. rubl həcmində istiqraz satışı həyata keçirməyi planlaşdırır. Lakin əvvəlki illərin təcrübəsi göstərir ki, planlaşdırılan istiqraz emissiyası heç vaxt tam həcmdə baş tutmayıb. Məsələn, 2011-ci ildə planlaşdırılan emissiyanın 58%-i, 2013-cü ildə isə 29,4%-i yerləşdirilib.

Qeyd edək ki, bu günə Rusiya Mərkəzi Bankının xarici valyuta ehtiyatları 354 mlrd. ABŞ dolları (17,5 trln. rubl) təşkil edir. Rusiya hökumətinin 2015-ci il 1 yanvar tarixinə xarici borcu 41,5 mlrd. dollar, özəl və dövlət sektorunun isə məcmu xarici öhdəlikləri isə 559,3 mlrd. dollardır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi